Sevindirici haldır ki, artıq ölkəmiz inkişaf etmiş ölkələr arasında öz nüfuzu ilə seçilir, idman ölkəsi kimi tanınır. İdmançılarımız beynəlxalq yarışlarda vətənimizi layiqincə təmsil edir, bayrağımızı ölkə bayraqları arasında zirvələrə qaldırırlar. Gənc idmançılarımızla bərabər, veteran idmançılarımız da bu şərəfli yolun yolçuları olublar. Onlar yaşadığı dövrdən, şəraitdən asılı olmayaraq hər zaman Azərbaycanımızı layiqincə təmsil eidb, bayrağımızı dalğalandırıblar. Belə idmançılardan biri də ölkəmizi SSRİ birinciliyində, Avropa cempionatında və müxtəlif beynəlxalq yarışlarda layiqincə təmsil edən güləşçi Azad Əliyevdir. İdman həyatında, keçirdiyi gərgin, lakin maraqlı yarışlardan bəhs edən veteran güləşçimizlə olan maraqlı söhbəti oxucularımıza təqdim edirik.
- Azad, idman içtimaiyyəti səni yaxşı güləşçi kimi tanıyır. Oxucularımıza özün barədə bir az ətraflı məlumat verərdin.
- Mən 1970 -ci ildə Bakıda doğulmuşam. 6-cı sinifə qədər 56 saylı məktəbdə təhsil almışam. Sonra Respublika Olimpiya İdman Liseyində ( ROİL) oxumuşam. 1980-cı ildən idmanla məşğulam.
- Necə oldu ki, idmana maraq ğöstərdin?
- İdmana uşaqlıqdan böyük həvəsim var idi. Düzünü deyim ki, çox hərəkətli, dələduz oğlan olmuşam. O vaxt idman ustaları məktəblərə gəlib uşaqları idmana cəlb edirdilər. Məni də tanınmış idmançı Tofiq Eyvazov idmana cəlb etdi. İdmanın birinci günü zaldan qovuldum. 50 uşaq idik. Səhər ağlaya-ağlaya gəlib etdiyim nadincliyə görə müəllimimdən üzr istədim. Başa düşdüm ki, idmansız qala bilmərəm. İlk nailiyyətim respublika cempionatında olub. 1993-cü ildə isə yeniyetmələr və gənclər arasında keçirilən Avropa çempionatında gümüş medal qazanmışam, beynəlxalq dərəcəli idman ustası adına layiq görülmüşəm. Bir çox beynəlxalq yarışlarda ölkəmizi təmsil etmişəm və mükafatalayiq yerlər qazanmışam. SSRİ birinciliyinin mükafatcisı olmaqla bərabər, Yunanıstanda, Türkiyədə və diğər ölkələrdə keçirilən turnirlərin qalibi olmuşam. SSRİ zamanında "Dinamo"lar arasında keçirilən çempionatda qalib olmuşam. O vaxtlar SSRİ yığma komandasında güləşirdim. Bundan başqa respublikamızda keçirilən cüdo və qaydasız döyüş üzrə yarışların da qalibi olmuşam. 1994-cü ildə ulu öndər Heydər Əliyev ilin ən yaxşı idmançıları ilə görüş keçirəndə mən də idmançılar arasında idim. O görüşü heç vaxt unutmuram. Ölkə rəhbərliyinin idmana göstərdiyi qayğı və diqqət yüksək səviyyədədir. Gənc nəslin idmanla məşğul olması üçün hər cür şərait var. Bizim üşaqlıq illərimizdə bugünkü şərait əlbəttə ki, yox idi. Amma indiki gənclər çox şanslıdırlar. Azərbaycan Respubklikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmanın inkişafı üçün əlindən gələni edir. Artıq ölkəmiz idman ölkəsi kimi tanınır. Çox sevinirəm ki, həmyerlilərimiz Olimpiya Oyunlarında, beynəlxalq yarışlarda layiqincə iştirak edir, vətənimizə medallarla qayıdırlar. Unutmaq olmaz ki, hər bir idmançı qazandığı uğurlara görə həm də məşqçisinə minnətdar olmalıdır. Bütün bu nailiyyətlərimə görə məşqçim , əməkdar məşqçi Tofiq Eyvazova minnətdaram.
- Azad, ailədə neçə övlad olmusuz?
- Ailədə 3 övlad olmuşuq. Bir bacım bir qardaşım və mən. Amma onlar arasında idmanla məşğul olan təkcə mənəm.
- Bəs idmançı olmaq istəyinə ailənizdə mane olan olmayıb?
- Düzünü deyim ki, idmançı olmaq istəyimə heç kim mane olmayıb. İdmanı, məşqi o qədər sevirdim ki, bu peşə mənim üçün həmişə birinci növbədə idi. Ad günləri, toylar, yığıncaqlar heç vaxt mənim üçün idmandan daha vacib olmayıb. İdmanı heç vaxt ikinci plana saxlamamışam. İdman mənim ən böyük hobbim idi.
- Yaxşı idmançı olmaq üçün hansı xüsusiyyətlərə malik olmaq lazımdır?
- Yaxşı idmançı olmaq üçün ən birinci insanda böyük həvəs olmalıdır. İdman elə bir sahədir ki, bu işi kiminsə xaişi, ya da istəyi ilə etmək olmur. Dözüm, iradə də idmançı üçün əsas şərtlərdəndir. Mən idmana təzə başlayanda cılız bir uşaq idim. Çoxları inanmırdı ki, idmançı olacağam. Amma məndə olan iradə və həvəs məni güləşdən ayıra bilmədi. İnsanda həm də məqsəd olmalıdır. Gərək məqsədinə catmağa can atasan. Uşaq vaxtı mənə pələng deyirdilər. O qədər hərəkətli , güclü, davakar uşaq idim ki, ərtafdakılar bu ləqəblə çağırırdılar məni. Maraqlısı odur ki, idman həm də insanda bəzi xüsusiyyətləri formalaşdırır.
- Yeri gəlmişkən, idman sizdə hansı xüsusiyyətləri formalaşdırıb?
- İdmanla məşğul olduqdan sonra dava-dalaş hisslərim azaldı. Hər şeyə tez reaksiya verməyim, səbirsizliyim yox olub getdi. Axı insan gənc olanda daha çılğın olur.
- Bəs, hansısa davanın şahidi olanda hadisəyə güclə, yoxsa ağılla reaksiya verirdin?
- Mən elə hallarla qarşılaşanda gücümdən istifadə etməyə tələşməmişəm. Çalışmışam ki, səbirli olum və insanları sözlə sakitləşdirim. Ümumiyyətlə, bəzi insanlar elə birir ki, idmançılar öz güclərini harda həldi tez göstərirlər. Əslində, bu belə deyil. Əksinə idmançılar daha səbirlidirlər. Elə indi də hansısa addımı atmazdan qabaq dəfələrlə fikirləşib sonra qərar verirəm. Kimsə mənim yanımda birini pisləyirsə, həmin adamın sözlərinə görə yox, öz düşüncəmə ğörə qiymətləndirirəm. Mən əkizlər bürcündənəm. Bəlkə də bu xüsusiyyətlərimin olmasında bürcümün də rolu var.
"Xoşbəxtəm ki, ətrafımda məni düşünən, mənə dayaq olan dostlarım var..."
- Azad, deyirlər idmançılar arasında dostluqlar daha möhkəm olur. Bu fikirlə razısan?
- Bu fikirlə razıyam. İdmançıların psixologiyası, həyata baxışları başqaları ilə müqayisədə fərqlənir. Mən də çox dostcanlı adamam. Düzünü deyim ki, elə dostlarım var ki, onları bəzi qohumlarımdan çox istəyirəm. Həyatım heç də rahat olmayıb. Çox əziyyətlər çəkmişəm. Amma sonra həyat qarşıma elə dostlar çıxarıb ki, onlardan gördüyüm yaxşılığı mənə ən yaxın qohumlarım belə etməyiblər. Bu baxımdan özümü xoşbəxt sayıram. Xoşbəxtəm ki, ətrafımda məni düşünən, mənə dayaq olan dostlarım var...
"İdmançı olmaq ona görə şərəflidir ki, insan bayrağını, vətənini öz səhətindən əvvəl düşünür"
- Hər bir yaxşı idmançının özünəməxsus fəndləri olur. Bəs sənin necə tətbiq etdiyin fərqli fəndlər olubmu?
- Düzünü deyim ki, məni başqa idmançılardan fərqləndirən cəhətlərdən biri də kəşf etdiyim fəndlər idi. Bunu təkcə mən demirəm. Məşqçim və idmançı yoldaşlarım bunun şahididirlər. Gərgin keçən yarışların birində şpaqat vəziyyətində idmançını başımdan aşağı aşırtmişdim. Bu hərəkəti əminəm ki, dünyada çox az güləşçi edə bilib. 1993-cü ildə Türkiyədə keçirilən Avropa cempionatında ukraynalı rəqiblə üz-üzə gəlmişdim. Onu şpaqat vəziyyətində olduğum halda başımdan geri aşırtdım. Bu hərəkətə qədər rəqibim məndən 5 xal irəlidə idi. Bu fəndə görə mənə yüksək xal verdilər. Lakin güləşərkən burnumdan güclü qan açılmışdı. Həm də hədsiz yorulmuşdum deyə görüşün sonunda huşumu itirdim. Gözümü açanda özümü pis hiss edirdim. Bütün zal başıma dolanırdı. Amma sevinirdim ki, rəqibimə qalib gəlmişəm. İdman insandan belə anlar tələb edir. İdmançı olmaq ona görə şərəflidir ki, insan bayrağını, vətənini öz səhətindən əvvəl düşünür. Türklər bu qələbəyə çox sevinmişdilər. Onlar tribunadan türk və azərbaycan bayraqlarını dalğalandırır, Azərbaycan, Azərbaycan,- deyə qışqırırdılar. Belə anları yaşamaq idmançı üçün ən böyük mənəvi dəstəkdir. Həmin il Türkiyə idmançlılarından qələbə qazanan olmamışdı. Odur ki, azərbaycanlı idmançının qələbə qazanmasına daha çox sevinirdilər.
- Yarışlarda erməni idmançılarla qarşılaşmısan?
- Erməni idmançılarla dəfələrlə qarşılaşmışam. Ona görə çox sevinirəm ki, heç vaxt düşmən xaldın idmançılarına uduzmamışam. Başqa millətlərin nümayəndələrinə uduzmaq məni qorxutmayıb, lakin erməniyə uduzmağı özümə ayıb bilmişəm. Düzdür, bəzən şans elə gətirir ki, belə hallar baş verir. Xoşbəxtəm ki, bu, mənim başıma gəlməyib. Döyüşlərin birində erməni idmançıyla qarşılaşmışdım. Rəqibim yaxşı fənd işlədib məni çıxılmaz vəziyyətə salmışdı. Baxdım ki, başqa yolum yoxdu, düşmənə fənd tətbiq edərkən qulağımı sındırıb vəziyyətdən çıxdım. İdman fədakarlıq tələb edir. Bəzən elə anlar olur ki, özünü düşünməməlisən. Belə anlarda vətənin mənafeyi, vətənpərvərlik hissləri hər şeydən üstün olur.
- Azad, indiki dövrdə gücünü sınamaq, yenidən gənclik illərinə qayıtmaq istəyərdinmi?
- Əlbəttə istəyərdim. Bizim uşaqlıq, gənclik dövrümüzdə idman bu səviyyədə inkişaf etməmişdi. İndi idman ölkəmizdə sürətlə inkişaf edib. Gənc nəslin idmanla məşğul olması üçün beynəlxalq standartlara cavab verən Olimpiya kompleksləri, idman ocaqları var. Azərbaycan Respubklikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmanın inkişafı üçün əlindən gələni edir. Artıq ölkəmiz idman ölkəsi kimi tanınır. Çox sevinirəm ki, həmyerlilərimiz Olimpiya oyunlarında, beynəlxalq yarışlarda vətənimizi layiqincə təmsil edir, medallar qazanırlar. Unutmaq olmaz ki, hər bir idmançı qazandığı uğurlara görə həm də məşqçisinə minnətdar olmalıdır. Bütün nailiyyətlərimə görə mən də məşqçim Tofiq Eyvazova borcluyam. İdmançı olduğum üçün qürur duyuram. Baxmayaraq ki, müxtəlif işlərədə çalışmışam, lakin idmanın yerini heç nə verməyib. Onu da qeyd edim ki, ölkəmizdə idmana, idmançılara göstərilən böyük diqqət və qayğı hər bir vətəndaş kimi məni də çox sevindirir. Hər kəs bilir ki, idmançılar beynəlxalq arenalarda Azərbaycanımızı təmsil edib, ölkəmizi tanıdırlar. Bayrağımızı yüksəklərə qaldırmaq şərəfi idmançıların taleyinə, vəzifə borcuna çevrilib. Hazırda vereran idmançı olsam da gəncliyimdə bu taleyi yaşadığım üçün qürur duyuram. İdmana, idmançılara göstərilən qayğı və diqqət elə vətənə, xalqa göstərilən diqqətdir.
- Yeri gəlmişkən, bəs indi harada calışırsan?
- Əvvələr bir neçə isdə çalışmışam. İdmançı olduğum üçün hər zaman hörmət və qayğı görmüşəm. Hərbi xidmətdən qayıtdıqdan sonra Nəsimi Polis İdarəsində, Polis Akademiyasında çalışmışam. O zamanlar polis işləmək mənim üçün çətin idi. Çünki həm işləyirdim, həm də məşqə gedirdim. Bəzən yorğunluqdan stulları birləşdirib üstündə yatırdım ki, məşqə yorğun getməyim. Hazırda sənədlərim Fövqəlada Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə xidmətinə verilib. Ümid edirəm ki, yaxın zamanda burada işə başlayacağam. Heç kimə sirr deyil ki, fövqəlada hallar naziri Kamaləddin Heydərov idmançılara daim qayğı göstərir. İdmançıların hər zaman diqqətə ehtiyacı var. Onlara göstərilən diqqət və qayğı idmana göstərilən ən böyük xidmətdir. İdmanı sevmək həyatı sevməkdir. Sevinirəm ki, idmanı seçmişəm. İdmançı olduğum üçün qürur duyuram.
Jalə Rzabəyli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB