Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası iyulun 22-dən 28-dək Fransanın Camrai şəhərində keçirilən Avropa çempionatında iştirak edəcək. Otüstü Hokkey Federasiyasında SİA-ya verilən məlumata görə, 2011-ci ildə koreyalı məşqçilərin rəhbərliyilə iki ildən bir keçirilən qitə birinciliyində uğursuz çıxış edərək yüksək dəstəni tərk edən yığmamız hazırda baş məşqçi Adil Paşayevin rəhbərliyi altında yenidən Avropanın 8 ən güclüsü sırasına vəsiqə qazanmaq üçün ciddi hazırlıq keçib.
Avropanın 8 ən güclüsü sırasına çıxmaq üçün millimizin "A" qrupundakı rəqibləri Fransa (22 iyul), Ukrayna (24 iyul) və Litva (25 iyul) komandaları olacaq. "B" qrupunda isə İtaliya, Rusiya, Polşa və Avstriya hokkeyçiləri yarışacaqlar. İlkin mərhələ başa çatdıqdan sonra - iyulun 27-də qrup qalibləri "çarpaz" üsulla digər qrupun ikincisi ilə qarşılaşacaqlar. Həmin oyunlarda qələbə qazananlar növbəti Avropa çempionatında elitada mübarizə aparmaq hüququ əldə edəcəklər.
İyulun 28-də keçiriləcək görüşlər isə formal xarakter daşımaqla iştirakçıların yekun yerlərini müəyyənləşdirəcək. Bu həftənin cümə günü sübh tezdən Bakı - İstanbul - Brüssel təyyarə reysi ilə səfərə yollanacaq qadın otüstü hokkeyçilərdən ibarət milli komandamız yarış yeri - Fransanın Cambrai şəhərinə Brüsseldən avtobusla gedəcək. Komandanın baş məşqçisi, Əməkdar məşqçi Adil Paşayev səfər ərəfəsində bildirib ki, hokkeyçilərimiz yarışa yaxşı hazırlaşıblar.
"Yoxlama oyunlarda qızlarımız özlərini yaxşı cəhətdən göstərə bildilər. Heyətdə 4-5 nəfər perspektivli azərbaycanlı oyunçunun yer alması bizi sevindirsə də, onların özlərinə inamı əsas şərtdir. Ümüdvaram ki, məsul AÇ-da təcrübəli hokkeyçilərlə gənclərin birgə səyi nəticəsində qarşıya qoyduğumuz vəzifənin öhdəsindən gələ biləcəyik. Qrupumuzdan ukraynalıların və bizim ilk 2 yeri tutmağa real şansımız var. Amma hadisələri qabaqlamaq istəmirəm. İlk oyunda yerli Fransa komandasına qarşı çıxış etməyimiz də o qədər ürəkaçan deyil. Hər halda inanıram ki, yığmamız əsas vəzifənin öhdəsindən gələrək güclülər dəstəsinə vəsiqə qazana biləcək"- deyə baş məşqçi Adil Paşayev bildirib.
Milli komandamızın qarşıdakı Avropa çempionatında iştirak edəcək heyətini təqdim edirik: qapıçılar-Viktoriya Şahbazova və Səadət Nuriyeva, müdafiəçilər- Əminə Müzəffərova, Zoya Lebedyuk, Alyona Karas və Feruza Makayeva, yarımmüdafiəçilər - Xatirə Əliyeva, Lyüdmila Çequrko,Yuliya Muradi, Tatyaniya Kiyaniçenko, Gülər Aydınlı, Nərgiz Novruzova, Tamella Əlivəliyeva və Xalidə Zeynalova, hücumçular - Lyubov Drujinina, Fəridə Məmmədova, Anastasiya Tsıqanskaya və Amaliya Həsənova.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB