Türkiyə mətbuatı Berti Foqtsu "topa tutdu"!

Türkiyə mətbuatı Berti Foqtsu "topa tutdu"!
Qardaş Türkiyə mediyası, futbol üzrə milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqts barədə kəskin yazılar dərc etməyə başlayıb. Siasport.az saytı xəbər verir ki, qardaş ölkə mətbuatı B.Foqtsu Almaniyada yetişən, amma Türkiyə yığmasına çağırılmayan türk futbolçulara göz dikməkdə və onları Azərbaycana gətirməkdə ittiham edib. Məlumatda deyilir ki, Foqts Almaniyaya gedərək məşqçilərə təlimat verib və Türkiyə millisinə çağırılmayan futbolçuların izlənilməsini tapşırıb: "Beləliklə, türkiyəli məşqçilər Almaniyada istedadlı gəncləri axtardığı zaman qardaş ölkə bizim komandalar üçün uyğun olmayan oyunçuları Azərbaycan millisinə çağırır".

Xəbərdə daha sonra qeyd olunur: "Azərilər ilk olaraq "Vehen Viesbaden"də çıxış edən U-16 yaş oyunçusu Benhür Kamaya milli formanı geyindirdi. Azərbaycanda keçirilən "Caspian Cup" turnirində çıxış edən Kama komandası ilə finalda Türkiyə U-16-sına qarşı çox yaxşı futbol oynadı. Qarşılaşmanı Türkiyə 4:1 hesabı ilə qazanarkən, ev sahibinin tək qoluna Benhür imza atdı. Kama oyundan sonra "ay-ulduzlu" komandaya qarşı oynamaq mənim üçün çətin oldu. İki dövlət, bir millət olduğumuz üçün Azərbaycandan milli təklif gələndə heç düşünmədən "hə" dedim. İlk dəfə formasını geyindiyim komanda üçün mübarizə apardım. Berti Foqts məni izləyirmiş. Türkiyə millisindən bu günədək təklif gəlmədiyindən azərilər mənə təklif göndərdi. Mən də qəbul etdim", dedi". Qeyd edək ki, hazırda A millimizin formasını geyinən Cihan Özkara (Sivasspor), Ufuk Budak (Eskişehirspor), Əli Gökdemir (Hannover) və Uğur Pamukla (Xəzər Lənkəran) yanaşı, aşağı yaş qruplarında çox sayda türk əsilli futbolçular çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə