"Xəzər-Lənkəran" azarkeşləri Maltaya yollanır

"Xəzər Lənkəran" azarkeşləri nəinki çempionat və kubok yarışmasının səfər oyunlarında, hətta komandanın qatıldığı Avropa miqyaslı turnirlərin səfər matçlarında da daim tribunalarda yer alır sevimli futbolçularına dəstək olurlar. Siasportun əldə etdiyi məlumata görə fəal azarkeşlərimiz yenə də öz ənənələrinə sadiq qalmaq fikrindədirlər. Belə ki, Avroliqanın I təsnifat mərhələsində səfərdə Maltanın "Slima Vonderers" klubu ilə Slima şəhərinin 17000 azarkeş tutumu olan "Ta Kali" stadionunda keçirəcəyi oyunda iştirak etmək istəyən azarkeşlər artıq bu səfər qarşılaşmasına hazırlıqlara start veriblər. Maltaya öz hesablarına gedəcək 10-a yaxın azarkeşimiz "Xəzər Lənkəran" klubunun azarkeşlər üzrə koordinatoru Qurbanəli Məmmədova Malta səfərinin təşkilatçılığını öz üzrəinə götürməsi xahişi ilə müraciət ediblər. Klubun azarkeşlər üzrə kordinatoru da onların xahişini müsbət cavablandıraraq, məmnuniyyətlə daha rahat və daha ucuz marşrut variantlarının qurulması, şengen vizasının alınmasında kömək etmək və azarkeşlərin bir yerdə gedib qayıtması işinin təşkilində iştiraka razılıq verib. 12cioyuncu.info azarkeş saytının əldə etdiyi məlumata görə azarkeşlərimiz yollarını Macarıstanın paytaxtı Budapeştdən salacaqlar.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərinə oradan da Maltanın paytaxtı Valettaya getməyin xərcləri daha çox olduğundan, məhz Bakı-Budapeşt-Valetta reysinə üstünlük verəcək azarkeşlərimiz adam başı 500-550 avro xərcə düşməli olacaqlar. Bu məbləğin 350-avrosu təyyarə biletlərinə, qalanları isə otel və digər xərclərə sərf olunacaq. Ümumilikdə 4-gün sürəcək Malta səfərinin yol marşrutunu futbolsevərlərimiz artıq günlər və saatlar üzrə də müəyyənləşdiriblər. Belə ki, bir gün Budapeştdə gecələyəcək azarkeşlər daha iki gün də Maltada qalacaq və oyuna qədər olan vaxtı səmərəli keçirmək məqsədi ilə Maltanın görməli yerlərində gəzintilərə çıxacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə