"Qəbələ" nin 13 yaşlıları da finala çıxdı

"Qəbələ" nin 13 yaşlıları da finala çıxdı

U-13 Liqasının ilkin mərhələsini uğurla adlayan "Qəbələ"nin 13 yaşa qədər futbolçulardan ibarət komandası uğurlu çıxışı yekun - final mərhələsində də davam etdirib.

Siasport xəbər verir ki, qrupda "İnter" (2:0), "Sabirabad" (6:0) və "Neftçi" ilə (2:2) qarşılaşan "Qəbələ" 7 xalla ilk pillədə 1/4 final mərhələsinə yüksəlib. Bu etapda "qırmızı-qaralar" UGİM (Ağstafa) ilə münasibətlərinə aydınlıq gətirib. Rəqibini bütün parametrlərdə üstələyən Sərdar Qafarovun yetirmələri 3:1 hesab ilə qalib gəlib və yarımfinalda oynamaq hüququ qazanıb. Finala vəsiqə uğrunda mübarizədə "Qəbələ" "Xəzər-Lənkəran"la üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən matç "qırmızı-qaralar"ın 3:0-lıq qələbəsi ilə yekunlaşıb.

Qızıl medallar uğrunda həlledici oyunda "qırmızı-qaralar" "Neftçi" ilə qarşılaşacaq. Matç bazar günü mayın 12-də Bayıl Arenada baş tutacaq. Görüş "İdman Azərbaycan""kanalı vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, aşağı yaş qruplarında "Qəbələ"nin 2 komandası - U-11 və U-19 kollektivləri cari mövsümü çempionluqla yekunlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə