"Xəzər Lənkəran"ın aşağı yaş qruplarında aprel ayından başlayaraq hər yaş qrupu üzrə "Ayın ən yaxşısı" nominasiyasının tərtib olunduğunu xəbər vermişdik. Söz verdiyimiz kimi, qaliblərlə saytımızda müsahibə də təqdim olunmalı idi. İlk müsahibimiz İbrahim Qədirzadə oldu. Ölkəmizin U-15 millisinin üzvü, "Xəzər Lənkəran"ın 1999-cu il təvəllüdlü yaş qrupunda seçilən İbrahimlə qısa söhbətimizi təqdim edirik.
- İbrahim, özün haqqında məlumat verərdin..
- 1999-cu ilin mart ayının 21-də Lənkəran şəhərində anadan olmuşam. Futbola elə uşaq yaşlarından böyük həvəsim olub.
- "Xəzər Lənkəran"a gəlişin nə vaxt baş verib?
- 2010-cu ildə "Xəzər Lənkəran"ın aşağı yaş qruplarına seçimlər aparılırdı. Həmin vaxt özümü sınamaq qərarına gəldim. Seçimlərdən uğurla keçdim və qəbul olundum. İlk müəllimlərim Xəyal və Röyal Abbasov qardaşları olub.
- Öz yaş qrupunda "Ayın ən yaxşısı" seçilməyini kimdən eşitdin?
- Bizə demişdilər ki, belə bir seçim olacaq. Amma kimin seçildiyini bilmirdik. Qonşumuz, media sahəsində çalışan Cavid Əhmədoğlu mənə xəbər verdi. Sonra isə özüm rəsmi saytdan oxudum.
- Həmin an nələr hiss etdin?
- Bizim yaş qrupunda istedadlı uşaqlar çoxdur. Düzdür, seçildiyimə görə sevinirəm, amma digər dostlarım da bu ada layiq idilər. Etiraf edim ki, qürurlandım.
- Yəqin anlayırsan ki, bu sənin məsuliyyətini daha da artırır..
- Bəli. Bunu daima düşünürəm. Çünki, məni seçən insanların etimadını doğrultmalıyam.
- "Xəzər Lənkəran"da çox sevdiyin, kumirin olan futbolçu kimdir?
- Elvin Beqiri... Özüm yarımmüdafiə xəttində çıxış etsəm də, müdafiədə diqqətli olan, etibarlı müdafiəçiləri xoşlayıram. Buna görə də Beqirinin oyununu çox bəyənirdim.
- Bəs Avropada?
- Nanini bəyənirəm. Onun oyununu daima diqqətlə izləyirəm.
- Hazırda qarşına qoyduğun məqsədi öyrənmək maraqlıdır?
- Ölkəmizin U-15 millisinə çağrılmışam. 14 yaşım olsa da, mənə bu etimadı göstəriblər. İndi bütün diqqətim məşqlərə yönəlib. Mən əlimdən gələni edib vaxtım çatdıqda "Xəzər Lənkəran"ın və Azərbaycanın əsas millisinin formasını daşımağı qarşıma məqsəd qoymuşam.
lankaranfc.com
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB