Ağabala Ramazanov: "Azarkeşlər çoxdandır “Neftçi” – “Xəzər Lənkəran” derbisini görmür"

Ağabala Ramazanov: "Azarkeşlər çoxdandır “Neftçi” – “Xəzər Lənkəran” derbisini görmür"

"Xəzər Lənkəran" klubunun hücumçusu Ağabala Ramazanovun müsahibəsi:

- Komandanızda ümumi vəziyyət, ab-hava necədir?

- Sonuncu oyunda qalib gəlmişik. Komandanın əhvalı yerindədir. İkinci "altılıq"da oynamağımıza baxmayaraq, hər oyuna məsuliyyətlə yanaşırıq.

- Amma son vaxtlar sanki "Xəzər Lənkəran" tam gücü ilə oynamır.

- Mən belə deməzdim. Çalışırıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirək. Razıyam ki, hərdən oyunumuz alınmır. Son turda "Kəpəz"lə qarşılaşmada 4-5 qol imkanından istifadə edə bilmədim.

- Ola bilərmi bu, baş məşqçiniz Con Toşakın komandaya yeni sistem gətirməsi ilə bağlı olsun?

- Ola bilər. Hər dəfə fərqli taktiki sxemlə oynayırıq.

- "Xəzər Lənkəran" ilk "altılığ"a düşə bilmədi, əvəzində kubokun finalına çıxdı. Komandanın bu durumu sizi qane edir?

- Finala çıxmağımız çox yaxşıdır. Ancaq ikinci "altılıq"da oynamağımız nəinki bizi, Azərbaycan futbolunu qane etmir. İkinci "altılığ"a öz ucbatımızdan düşmüşük. Heç kim bizi ikinci "altılığ"a salmayıb. Azarkeşlər çoxdandır "Neftçi" – "Xəzər Lənkəran" derbisini görmür. İnşallah, mayın 28-də görəcəklər.

- Ötən tur "Neftçi"nin "Qarabağ"a qalib gəlməyi yəqin işinizə yaradı.

- Bu pilləyə gələnə qədər "Netçi"yə güvənməmişik. Bizim üçün "Neftçi"nin çempion olub-olmamasının fərqi yoxdur. Öz hesabımıza Avropaya gedəcəyik. Komandamız buna köklənib. "Neftçi"nin hesabına nəsə etmək istəmirik.

- "Neftçi" ilə final qarşılaşması haqda nə deyə bilərsən?

- Hər iki komandanın şansları yaxşıdır. Ölüm-dirim oyunu olacaq. Bu matçın yeganə şansımız olduğunu bilirik. Məsuliyyəti yaxşı dərk edərək, ciddi hazırlaşırıq. İnşallah, qələbə qazanacağımıza inamımız böyükdür. Azarkeşlərimizə inanırıq. Bizim azarkeşlər üçün hər yer Lənkərandır. Onların gücünə bələdik.

- "Neftçi"nin gücünə necə?

- Heç kim dana bilməz ki, "Neftçi" Azərbaycanın ən güclü komandalarından biridir. Biz də zəif komanda deyilik. Mayın 28-də kimin daha güclü olduğu bilinəcək. Öz gücümüzə inanırıq.

- Səncə, uzun müddət "Xəzər Lənkəran"da inamlı çıxışı ilə yadda qalmış qardaşın Zaur Ramazanovun yerini doldura bilirsən?

- Özüm haqda danışmaq istəmirəm. Bunu qoy qıraqdan baxanlar desinlər. Zaurun etdiklərinin hələ ki, az qismini etmişəm. O, "Xəzər Lənkəran"da iki dəfə bombardir, bir dəfə çempion olub. Mən hələ onların heç birini etməmişəm. Ən azı Ramazanov soyadını "Xəzər Lənkəran"da yaşadıram.

Bütün xəbərlər Facebook səhifəmizdə