Ulu öndərin 90 illik yubleyinə həsr olunmuş voleybol turniri sona çatdı

Ulu öndərin 90 illik yubleyinə həsr olunmuş voleybol turniri sona çatdı

"Yeni Azərbaycan", "Səs", "İki sahil" qəzetləri və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən Ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş voleybol yarışlarına yekun vurulub. Siasport xəbər verir ki, mayın 6-da keçirilən final matçlarında əvvəlcə yeniyetmə qızlar arasında yarışların final oyunu keçirilib. Finalda "Azəryol" hər üç setdə "İqtisadçı"ya qalib gələrək kürsünün zirvəsinə çıxıb.

Daha sonra isə media nümayəndələri və Yeni Azərbaycan Partiyası Bakı şəhəri rayon təşkilatlarının komandaları arasında final görüşü baş tutub. Qeyd edək ki, media nümayəndələri və Yeni Azərbaycan Partiyasının Bakı şəhəri üzrə rayon təşkilatlarının komandaları arasında yarışlara 24 komanda qatılıb. YAP Yasamal rayon təşkilatının komandası və YAP Nərimanov rayon təşkilatının komandası bütün rəqiblərini məğlub edərək finalda üz-üzə gəlmək haqqı qazanıblar. Böyük marağa səbəb olan finalda YAP Yasamal rayon təşkilatının komandası hər üç setdə (25:23, 25:16, 25:16) rəqibinə qalib gəldi.

Turnirin bağlanış və təltifetmə mərasimində YAP sədrinin müavini-icra katibi, millət vəkili Əli Əhmədov, YAP İcra katibin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, Voleybol Federasiyasının vitse-prezidenti Vaqif Əliyev, "Azəryol" voleybol klubunun prezidenti, millət vəkili Cavid Qurbanov, həmçinin millət vəkilləri, YAP rayon təşkilatının sədrləri, media nümayəndələri iştirak edib.

Turnirin sonunda yarışın qaliblərinə təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə