Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş Gənclər və İdman Nazirliyi və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) tərəfindən Böyük Qafqaz dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər zirvəsi"nə təşkil olunan kütləvi yürüş başlayıb. Siasport idman portalının məlumatına görə, FAİREX-in idmançılarının Fəxri Xiyabana gələrək Ümummilli Liderin xatirəsini yad etməklə başlanan yürüş Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərinə doğru istiqamət götürüb.
Kütləvi yürüşün yüksək səviyyədə həyata keçirilməsi və yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Xınalıq kəndi ərazisindən dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi"nə gedən müvafiq marşrut Şahdağ Milli Parkının əməkdaşları tərəfindən yürüş üçün tam uyğunlaşdırılaraq hazır vəziyyətə gətirilib. Eyni zamanda kütləvi yürüşün tənzimlənməsini təmin etmək məqsədi ilə FAİREX-in vitse-prezidenti Valeri Bağırov yürüşün rəhbəri təyin edilib. Ümummilli Lider Heydər Əliyevin ad günü ərəfəsində "Heydər zirvəsi"nə təşkil olunan yürüşlər artıq ənənəyə çevrilib və respublikanın müxtəlif bölgələrindən bu aksiyaya qoşulanların sayı ilbəil artmaqda davam edir.
Qeyd edək ki, 400-dən artıq iştirakçının qatıldığı yürüşə mayın 11-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB