YAP Xətai rayon təşkilatı finala vəsiqə qazandı

YAP Xətai rayon təşkilatı finala vəsiqə qazandı

"Nar Mobile" şirkətinin dəstəyi ilə bu gün media və YAP rayon təşkilatları arasında voleybol turnirinin 1/4 final mərhələsinin 2 və yarımfinal mərhələsinin 1 oyunu keçirilib. Siasport idman portalının məlumatına görə, 1/4 final mərhələsinin ilk oyunu YAP Yasamal rayon təşkilatı – "İki sahil" qəzeti arasında baş tutub. Bu görüşdə ilk seti YAP Yasamal rayon təşkilatı komandası qələbə ilə başa vurub 25:15. İkinci setdə media işçiləri qələbə əldə etmək üçün əzmkar oyun nümayiş etdirib. Ancaq jurnalistlər ilk setə nisbətən ikinci hissədə daha çox xal qazanıblar. İkinci setin qalibi də YAP Yasamal rayon təşkilatı komandası olub 25:18. Qarşılaşma 2:0 hesabı ilə başa çatıb.

Voleybol turnirinin 1/4 final mərhələsinin maraqlı qarşılaşmalarından biri də bu gün keçirilən "Yeni Azərbaycan" qəzeti – YAP Nərimanov rayon təşkilatı oyunu olub. Gərgin mübarizə şəraitində keçən oyunun ilk setində üstünlüyü media işçiləri aktivinə yazıb. İlk set "Yeni Azərbaycan" qəzetinin xeyirinə başa çatıb 29:27. İkinci setdə YAP Nərimanov rayon təşkilatı komandası oyunda dönüş yarada bilib. Qarşılaşmanın ikinci setinin qalibi YAP Nərimanov rayon təşkilatı komandası olub 22:25. Hesab bərabər olduğundan oyunun taleyi üçüncü setə qalıb. Bu setdə də hər iki komanda əzmkar mübarizə aparıblar. Son hissədə YAP Nərimanov rayon təşkilatı fərqi daha da artırıb. Üçüncü hissə 09:15 hesabı ilə YAP Nərimanov komandasının xeyirinə yekunlaşıb. Oyun 1:2 hesabı ilə başa çatıb.

Bu gün həmdə voleybol turnirinin yarımfinal mərhələsinin ilk oyunu keçirilib. YAP Xətai rayon təşkilatı – YAP Nizami rayon təşkilatı ilə üz-üzə gəlib. Bu görüşdə hər iki komandanın məqsədi finala çıxmaq idi. Gərgin mübarizə şəraitində keçən oyunda ilk setin qalibi YAP Xətai rayon təşkilatı komandası olub. İlk setdə adı çəkilən komanda 9 top fərqi ilə seti başa vurub 25:16. İkinci setdə YAP Nizami rayon təşkilatı oyunda dönüş yarada bilməyib. İkinci setdə də sevinən tərəf YAP Nizami rayon təşkilatı komandası olub 25:19. Görüş 2:0 hesabı ilə başa çatıb. Media və YAP rayon təşkilatı arasında keçirilən voleybol turnirinin ilk finalçısı YAP Xətai rayon təşkilatı komandası olub.

Qeyd edək ki, YAP Yasamal rayon təşkilatı – YAP Nərimanov rayon təşkilatı oyununun qalibi final mərhələyə vəsiqə qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə