Bu gün Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Tour d`Azerbaidjan" beynəlxalq velosiped turuna start verilib. Siasport idman portalının məlumatına görə, velosiped turu Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb. Velosipedçilər Heydər Əliyev Mərkəzi - metronun "Koroğlu" stansiyası - Heydər Əliyev Mərkəzi marşrutu üzrə ümumi uzunluğu 157 km olan 11 dəfə dövrə vuracaqlar. Yarışa 24 komanda qatılıb. Onu da bildirək ki, velosiped turu 5 mərhələdən ibarət olmaqla Bakı şəhəri, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonları ərazisində keçirilir. Tour d'Azerbaidjan - UCI Europe Tour çərçivəsində 2.2. kateqoriyası üzrə velosiped yarışıdır.
Turun ikinci mərhələsi may ayının 2-də Bakı şəhərində Şıx çimərliyi ilə üzbəüz ərazidəki yenidən qurulmuş müasir velosiped parkından start götürərək "Bakı - Abşeron - Qobustan - Şamaxı - İsmayıllı" marşrutu üzrə keçiriləcək və velosipedçilər 183 kilometr məsafə qət etdikdən sonra İsmayıllı şəhərində finiş xəttini keçəcəklər.
Üçüncü mərhələ mayın 3-də "Qəbələ - Oğuz - Şəki - Oğuz - Qəbələ" marşrutu üzrə (165 kilometr) keçiriləcək. Dördüncü mərhələ mayın 4-də "Qəbələ - Şamaxı" marşrutunda davam edəcək. Velosipedçilər 116 kilometr məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 metr hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.
Beşinci - sonuncu mərhələ isə mayın 5-də Azadlıq meydanından start götürərək, Bakı şəhərinin mərkəzi küçələri ilə 144 kilometr məsafədə 12 dəfə dövrə vurmaqla yekunlaşdırılacaq.
Beynəlxalq velosiped turu dünyanın nəhəng televiziya kanalları vasitəsilə geniş işıqlandırılır. Bu məqsədlə ölkəmizə həmin kanalların 50-dən çox əməkdaşı ezam olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB