Hafiz Məmmədov: "Bu oyunu Ümummilli Liderin xatirəsinə həsr edirik"

Hafiz Məmmədov: "Bu oyunu Ümummilli Liderin xatirəsinə həsr edirik"

"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov klubun dəvəti ilə Azərbaycanda səfərdə olan "Atletiko" Madrid nümayəndə heyyətinin şərəfinə verilən ziyafət zamanı yerli jurnalistlərin suallarını cavablandırıb. Siasport idman portalı H.Məmmədovun fikirlərini təqdim edir: "Bu layihə üzərində işlərə yay aylarında başladıq. Nəticəsini bu gün görürsünüz, "Atletiko" Madrid bizimlə birlikdədir. Sabah çox maraqlı bir qarşılaşma olacağını düşünürəm. Fürsətdən istifadə edib, hamınızı stadiona - bu möhtəşəm oyuna canlı baxmağa dəvət edirəm. Əminəm ki, bu oyun bütün Azərbaycan futbolu üçün faydalı olacaq. Oyun vaxtına az saatlar qalsa da, hələ ki, həllini tapmamış məsələlər var. Məsələn, "Atletiko"ya qarşı kimin oynayacağı hələ də tam təsdiq olunmayıb. Berti Foqts çox hörmət etdiyimiz bir adamdır, ancaq onun bəzi fikirləri mənim üçün qaranlıq qaldı. Onun bəzi sözlərini qəbul etmirəm. "Atletiko"ya qarşı oyun bizim futbolçular üçün əvəzolunmaz bir məktəb olardı. Millimiz Almaniyanın tanınmayan bir klubu ilə oynaya bilir, amma "Atletiko" ilə yox? Berti Foqts mütəxəssisdir, amma bu fikirləri onunla bölüşmürəm".

Klub prezidenti sabahkı oyun siyasətin bir parçası olduğunu da bildirib: "Ölkə başçısı, möhtərəm prezident İlham Əliyevin apardığı siyasətin bir hissəsi olaraq futbolda belə layihələr reallaşdırırırıq. Bu oyunun idman nəticəsi önəmli deyil. İspan qonaqlar Bakıda gördüklərindən yaxşı mənada təəəccüblənirlər. Qarşılaşmanın tarixi barədə müxtəlif təkliflər var idi. Biz 30 aprel gününə üstünlük verdik. Klubumuz və futbolçularımız ilə birlikdə bu oyunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edirik".

Hafis Məmmədov "Bakı'nın cari mövsüm zəif nəticələr göstərməsinə normal yanaşdığını, bunun faciə olmadığını da vurğulayıb: "Klubumuzda uşaq futbolu sahəsində böyük işlər aparılır. "Atletiko" ilə əməkdaşlığa start verilib, sırada daha bir köklü Avropa klubu var. Yaxın zamanlarda Fransanın "Lans" klubu ilə işbirliyi barədə anlaşma imzalanacaq. Biz "Atletiko"nun illərin sınağını keçmiş effektli sistemini klubumuzda tətbiq etməyə hazırlaşırıq. Əminəm ki, Madrid klubununun sistemi "Bakı"nı çox irəli aparacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə