Kamal Mirzəyev: "Bu barədə məşqçilər danışsa daha düzgün olar"

Kamal Mirzəyev: "Bu barədə məşqçilər danışsa daha düzgün olar"

Topaz Premyer Liqasının XXVIII turu "Qəbələ" Futbol Klubu üçün bir sıra maraqlı məqamlarla yadda qalıb. Siasport idman portalının məlumatına görə, "Qarabağ" klubu ilə ev oyununda meydana 4 gənc futbolçu – Sadiq Quliyev, Kamal Mirzəyev, Tərzin Cahangirov və Ürfan Abbasovla çıxan "qırmızı-qaralar" komandanın gələcəyi və gənc futbolçuların inkişafı baxımından mühüm addım atıb. Matç Sadiq Quliyev və Kamal Mirzəyevin debütü ilə yaddaqalan olub. Oyundan sonra yuxarıda adını çəkdiyimiz hər iki futbolçusu açıqlama verib.

Çıxışını dəyərləndirən 18 yaşlı Sadiq Quliyev meydana həyəcansız çıxdığını bildirib: "Maraqlı və gərgin oyun alındı. Mənim üçün xüsusilə yaddaqalan matç oldu. Məğlub olmağımız məyusluq yaradır. İstərdim ki ilk oyunumdan qələbə ilə ayrılım. Təəssüf ki, alınmadı. O ki, qaldı fərdi oyunuma fikrimcə normal çıxış etdim. Amma bunu ən yaxşı məşqçi heyəti və izləyicilər dəyərləndirə bilər. Meydana həyəcansız çıxdım. İlk dəfə idi ki, "Qəbələ" bu sayda gənc futbolçu ilə çıxış edib. Bu addım həm əvəzedici heyətdəki, həm də akademiyada yetişməkdə olan futbolçuları həvəsləndirir, sabaha ümidləndirir. Çalışacam mənə bəslənən ümidləri doğruldum, oyunum ilə əsas komandada möhkəmlənim."

Kamal Mirzəyev ona şans verilməsini gözlədiyini, bu addımın onları stimullaşdırdığını söyləyib: "Mənə şans verilməsini səbirsizliklə gözləyirdim. İlk dəqiqələrdə həyəcanlı idim, amma vaxt irəlilədikcə həyəcanı üstümdən ata bildim. Çıxışım barədə danışmağım düzgün olmazdı. Bu barədə məşqçilər danışsa daha düzgün olar. Amma fikrimcə gənclərin meydandakı topla davranışları və anlaşmaları normal səviyyədə idi. Ən əsası bizlərə şans verilməsi gənc futbolçuları stimullaşdırır."

Bütün xəbərlər Facebook səhifəmizdə