Xuan Manuel Varea: "Heç bir komanda sənə havayı 3 xal verməz"

Xuan Manuel Varea: "Heç bir komanda sənə havayı 3 xal verməz"

Topaz Premyer Liqasında ikinci "altılığ"ın ilk dövrəsi çərçivəsində, 24-cü turda baş tutan "Turan" – "Rəvan" görüşündə Bakı təmsilçisi rəqibi böyük hesabla üstələyib. Siasport idman portalının məlumatına görə, həmin oyunda het-trik edərək görüşün əsas qəhrəmanlarından olan Xuan Manuel Varea həm də "Rəvan" tarixinə düşüb. Belə ki, o, Premyer Liqa çərçivəsində 1 oyunda rəqib qapısından 3 top keçirən ilk "aslan" olub. Tovuzlular ilə növbəti oyun ərəfəsində argentinalı bombardir açıqlama verib. Hazırda hesabında 13 qol olan və bombardirlər yarışında 3-cü pillədə qərarlaşan Xuan budəfəki oyunun daha çətin olacağını düşünür: "Unutmaq lazım deyil ki, öncəki oyunda ilk hissədən sonra məğlub olurduq. Sadəcə, həmin matçda fasilədən sonra fantastik çıxış etdik. Premyer Liqada heç bir komanda sənə havayı 3 xal verməz. Hamı döyüşür. Özü də hazırda rəqibimizin durumu elədir ki, hər xal onlar üçün qənimətdir. Elitada qalmaq uğrunda yarışda həlledici mərhələ başlayır deyə, "Turan" bu dəfə daha inadkarcasına oynayacaq. Onlar "Xəzər Lənkəran"dan xal alıb, sonra da "Kəpəz"i məğlub ediblər. Deməli, bizə qarşı da vuruşacaqlar. Amma "Rəvan"ın da öz məqsədləri var. Hələ elitadakı yerimizi tam qətiləşdirməmişik. Ona görə də 3 xal bizə də vacibdir. Ümumiyyətlə, hər matçda meydana 3 xal dalınca çıxırıq. Sadəcə, bəzən nəsə alınmır və heç nəsiz qalırsan. Çalışacağıq ki, bu dəfə belə istisna olmasın".

Bütün xəbərlər Facebook səhifəmizdə