“Synergy Baku Cycling Project” velosiped komandasının təqdimatı keçirilib
Dünən "Yaxt Klub"da "Synergy Baku Cycling Project" velosiped komandasının təqdimatı keçirilib. Siasport idman portalının məlumatına görə, mərasimdə çıxış edən Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov dövlətimizin başçısı İlham Əliyevin idmana diqqət və qayğısından danışıb. S.Ələkbərov bildirib ki, bu qayğının nəticəsidir ki, bir çox idman növləri kimi, velosiped idmanı da son vaxtlar öz dirçəliş dövrünü yaşamaqdadır. Son bir ildə federasiyamız tərəfindən velosiped idmanının populyarlaşdırılması, onun maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə velosiped idmanının təbliği istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Həmin tədbirlər sırasında bu gün ictimaiyyətə təqdim edilən Azərbaycanın ilk peşəkar velosiped komandasının - "Synergy Baku Cycling Project"in yaradılması xüsusi yer tutur.
Vitse-prezident bunu da vurğulayıb ki, komandaya dünyanın çox təcrübəli velosipedçiləri və məşqçiləri cəlb olunublar. Kollektivə uzun müddət İngiltərənin "Sky" komandasında fəaliyyət göstərmiş Ceremi Hant rəhbərlik edir. Komandaya yerli idmançılarla yanaşı, Böyük Britaniyadan, Malayziyadan, Almaniyadan, Rusiyadan, Danimarkadan və bir sıra digər ölkələrdən peşəkar velosipedçilər cəlb edilib.
S.Ələkbərov deyib ki, yaradılmasından cəmi dörd ay keçməsinə baxmayaraq, "Synergy Baku Cycling Project" komandası artıq ilk ciddi sınaqlarından keçib, Malayziyada, Tayvanda, Tailandda və Filippində keçirilən peşəkar çoxgünlük velosiped yarışlarında ümidverici nəticələr göstərib. Yaxın gələcəkdə biz velosipedçilərimizin peşəkarlıq səviyyəsini durmadan artırmaq, onların 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirakına nail olmaq və beynəlxalq yarışlarda yaxşı nəticələr əldə etmək niyyətindəyik.
Sonra "Synergy Baku Cycling Project" komandasının beynəlxalq yarışlarındakı çıxışından bəhs edən videoçarx nümayiş olunub. Sonda komandanın üzvləri və texniki heyəti ictimaiyyətə tək-tək təqdim edilib. Onlar da komandada yaradılmış şəraiti yüksək qiymətləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB