Bu gün futbol üzrə Azərbaycan çempionatında əvəzedici heyətlər arasında 28-ci turun oyunlarına start veriləcək. Siasport idman portalının məlumatına görə, bu tur çərçivəsində Gəncənin "Kəpəz" komandası Sumqayıtın eyniadlı kollektivi ilə qarşılaşacaq. Mehman Hacıyevin komandası artıq qarşıdakı oyunun hazırlıqlarını tamamlayıb. Ardıcıl altı oyunluq qələbə seriyasından sonra ötən turdakı məğlubiyyətə baxmayaraq, komandanın düşərgəsində yüksək əhval-ruhiyyə hökm sürür. Həftə boyunca məşqçilər korpusu futbolçularla ümumi və fərdi söhbətlər ilə psixoloji gərginliyi aradan qaldırmaqla ab-havanı düzəltməyə çalışıblar.
Elə baş məşqçi Mehman Hacıyev də müsahibəsində ilk olaraq yetirmələrinə psixoloji yardım göstərdiklərini vurğulayıb: "Əsas heyətlə müqayisədə bunlarda belə şeylər tez unudulur. Düzdür, o atmosferi dəyişməkdə məşqçi korpusunun və həkimlərin hamısının zəhməti var".
"Sumqayıt" ilə oyunöncəsi son məşqə gəncəlilər isinmə təmrinləri ilə başlayıblar. Bu dəfə məşqçilər heyəti daha çox toplu isinmə hərəkətlərinə üstünlük verib. Sonra oyunçular bir neçə qrupa bölünərək məşqin əsas bölümünü kvadratla bitiriblər. Hazırlıq prosesinə ikitərəfli oyun ilə yekun vurulub.
Qarşıdakı görüş haqda danışan baş məşqçi meydana ancaq qalib gəlmək üçün çıxacaqlarını bildirərək, rəqib komandanı da dəyərləndirməyi unutmayıb: "Biz hər bir oyuna qələbə əhval-ruhiyyəsi ilə çıxırıq. Elə sabahkı oyuna da bu istəklə çıxıb qələbə qazanmağa çalışacağıq. Rəqib pis komanda deyil. Bildiyiniz kimi, "Sumqayıt" komandasında hətta legioner fubolçular da top qovur".
Əvəzedici heyətlə məşqlərə "Kəpəz"in əsas heyətinin üzvü sarı vərəqə cəzalısı olan Məhərrəm Hüseynov da qatılıb. Gənclərin komandasında cəzalı olmasa da cəmi bir itki var. Bu zədəli Şərif Həsənovdur. Futbolçu "Sumqayıt" ilə oyunu buraxacağından onun yerini məşqçilər məzh Məhərrəm Hüseynovla doldurmağa çalışacaqlar.
Qeyd edək ki, "Kəpəz" - "Sumqayıt" komandalarının əvəzediciləri Gəncə şəhər stadionunun mövcud vəziyyəti ilə bağlı Şəmkir Olimpiya İdman Kompleksində qarşılaşcaq. Görüşün start fiti 16:00-da səslənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB