"Qəbələ" səfərdə "Ayaks"la heç-heçə edib

"Qəbələ" səfərdə "Ayaks"la heç-heçə edib

Hollandiyada təlim-məşq prosesini davam etdirən "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası sözügedən ölkədə növbəti yoxlama oyununu keçirib. Siasport idman portalının məlumatına görə, yerli "Ayaks" ilə üz-üzə gələn "qırmızı-qaralar"ın ikinci sınağı heç-heçə ilə yekunlaşıb. Matça daha yaxşı başlayan "Qəbələ" ilk hissəni Rövlan Muradovun qolu ilə qalib tamamlayıb - 1:0. "Qəbələ" ikinci hissədə də üstün oyun nümayiş etdirib. "Qırmızı- qaralar"ın bir neçə fərqlənmək imkanı olsa da, hücum xəttinin həlledici məqamda qeyri-dəqiq oynaması hesabın artmasına imkan verməyib. Əvəzində hollandlar status-kvonu bərpa ediblər və matçın yekununu müəyyənləşdiriblər - 1:1.

Matç bir sıra diqqətçəkən məqamlar ilə yadda qalıb. "Qəbələ"yə qarşı mübarizə aparan heyətdə məşhur hollandiyalı futbolçu Patrik Klüvertin oğlu da yer alıb.

Qeyd edək ki, "Qəbələ" - "Ayaks" matçını izləyənlər arasında Dennis Berqkamp, Ronald de Bur və Kiki Musampa kimi tanınmış futbolçular da olub.

Xatırladaq ki, "Qəbələ" hazırlıq çərçivəsində son oyununu aprelin 28-i keçirəcək. Sözügedən qarşılaşmada "qırmızı-qaralar" Almaniyanın "Fortuna" klubu ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə