Topaz Premyer Liqasının 27-ci turuna "Kəpəz" - "Turan" oyunu ilə start verilib. Siasport idman portalının məlumatına görə, Salif Ballonun ikinci hissədə vurduğu yeganə qol Tovuz təmsilçisinə Qərb derbisində qələbə qazandırıb 0:1.
Baş məşqçilərin fikirlərini təqdim edirik:
Əfqan Talıbov, "Turan" klubunu baş məşqçisi: "Oyunçular fiziki cəhətdən zəifdilər, futbolçularımın gücü tükənib. Müdafiənin mərkəzində gənc futbolçuları oynatdıq. 16-17 yaşlı futbolçular perspektivli sayıla bilər. 1991-1993-cü il təvəllüdlü futbolçular isə artıq özlərini göstərməlidirlər. Təəssüf ki, bacarmadılar, hətta son 20 dəqiqədə "Kəpəz" bizdən üstün oynayıb. Komandanı gücləndirmək üçün güclü futbolçuları heyətə cəlb etməliyik. Bunun üçün də maliyyə məsələləri həll olunmalıdır. Çox çətin qələbə qazandıq".
Mahmud Qurbanov, "Kəpəz" klubunun baş məşqçisi: "Oyuna tam heyətlə çıxa bilmədik, cəmi 17 oyunçumuz var idi. Hücumlarımızı əsasən sol cinahdan qurduğumuz üçün ilk hissədə Elvin Həsənəliyevin zədələnməsi pis oldu. Emin Əliyev isə zədədən təzə sağalıb, istədiyimiz fiziki durumda deyil. Qol buraxdıqdan sonra daha yaxşı oynadıq. Gənc futbolçular təcrübəlilərdən daha enerjili olmalıdırlar, lakin bəziləri bunu anlamır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB