Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş mini-futbol turnirləri keçirilir

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş mini-futbol turnirləri keçirilir

ARDNŞ-in idarə və müəssisələrində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş müxtəlif tədbirlər həyata keçirilir. Siasport idman portalının məlumatına görə, belə tədbirlərdən biri də mini-futbol yarışlarıdır. Şirkətin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) nəzdində olan mərkəzlər arasında mini-futbol turniri keçirilib. İşçilərin asudə vaxtının səmərəli təşkilinə xidmət edən yarışlarda İdarə aparatının komandası da daxil olmaqla 4 Təlim Mərkəzini təmsil edən komandalar birincilik uğrunda mübarizəyə qoşulub. Yarış TTSİ-nin mini-futbol meydançasında, 2 qrupda keçirilib. "Sumqayıt" ilə "Dənizçi" komandaları arasında baş tutmuş final görüşündə TTSİ-nin struktur bölməsi olan "Sumqayıt" TTM-nin komandası "Dənizdə insan həyatının mühafizəsi üzrə" Təlim Mərkəzinin komandasına 3:0 hesabı ilə qalib gələrək turnirin qalibi olub. Qaliblərin təltifetmə mərasimində iştirak edən TTSİ-nin rəisi Fuad Süleymanov turnir iştirakçılarını salamlayaraq Prezident İlham Əliyevin diqqət və qayğısı sahəsində Azərbaycanın idman nailiyyətlərinin ilbəil artdığını, idmanın kütləviliyinin yüksəldiyini deyib. Qeyd edilib ki, gənclər arasında belə tədbirlərin keçirilməsi idmana olan marağı daha da yüksəldir, təlim-tərbiyə işlərinin keyfiyyətinə, sağlam həyat tərzinin təbliğinə müsbət təsir göstərir. Tədbirin sonunda I və II yeri qazanmış komandalara kubok və xüsusi diplomlar təqdim edilib.

Qeyd edək ki, ARDNŞ-in Qaz emalı zavodunda da mini-futbol turnirinə start verilib. Zavodun müxtəlif sex və sahələrinin əməkçilərindən təşkil olunmuş 8 komanda 2 qrupda mübarizə aparır. Turnirin final görüşü mayın 10-da, Ulu Öndər Heydər Əliyevin doğum günündə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə