Avropa çempionatında uğurla çıxış etmiş atletlərimiz vətənə qayıdıblar
Albaniyanın paytaxtı Tiranada keçirilən ağır atletika üzrə Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan milli komandasının üzvləri bu gün Vətənə qayıdıblar. Siasport idman portalının məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların təntənəli qarşılanma mərasimi olub. Yerli azarkeşlər, qaliblərin doğmaları və yaxınları onları gül-çiçək dəstələri ilə qarşılayıblar.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov idmançılarımızın qazandıqları uğurları tarixi hadisə kimi qiymətləndirib, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıb. O, qeyd edib ki, qarşıda idmançılarımızı daha böyük yarışlar gözləyir. Əminəm ki, bu uğurların davamı olaraq atletlərimiz dünya çempionatında da mükafatçılar sırasında olacaqlar.
Çempionatda qızıl medal qazanmış Zülfüqar Süleymanov (62 kq) bildirib ki, Avropa çempionu olacağımı gözləmirdim. Həqiqətən də böyük əziyyət və səbr hesabına qazanılan qələbədir. Məşqçim də mənim bu nəticəni qazanmağım üçün çox çalışıb. Yarışa çıxarkən idmansevərlərimizin, xalqımızın dəstəyini hər an hiss etmişəm. Etimadı doğrultduğuma görə sevinirəm.
Yarışın digər qızıl medalçısı Valentin Xristov (62 kq) vurğulayıb ki, növbəti dəfə Avropa çempionu adını qazanmaq çox gözəl hissdir. Buna nail olduğuma görə çox şadam. Qələbə üçün möhkəm çalışıb, yarışa ciddi hazırlaşdım. Əməyimin bəhrəsini gördüm.
Qeyd edək ki, çempionatda milli komandamız 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Ümumi komanda hesabında millimiz ikinci pillədə qərarlaşıb. Bu, ötənilki uğurun təkrarıdır. Xatırladaq ki, 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında Azərbaycan yığması 3 qızıl və 2 bürünc medal qazanıb.
Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Valentin Xristov bu çempionatda təkanla qaldırma üzrə yerinə yetirdiyi iki uğurlu yanaşma ilə bir neçə Avropa rekordunu yeniləyib. Birinci yanaşmada 170 kiloqramı ram edən idmançımız bununla Avropanın həm gənclər, həm də yaşı 23-dək olan idmançılar arasında rekordunu yeniləyib.
Gənclər arasında Avropa rekordu erməni əsilli rus atleti Sergey Petrosyana məxsus idi. O, 2008-ci il aprelin 15-də İtaliyanın Linyano şəhərində keçirilən çempionatda bu nəticəni qazanıb. Yaşı 23-dək olan idmançıların təkanla qaldırma rekordu da rusiyalı Pavel Suxanova məxsus olub. O, 2011-ci il sentyabrın 12-də Rumıniyanın paytaxtı Buxarestdə 163 kiloqramın öhdəsindən gəlib. Bu yaş qrupunda toplamdakı rekord isə türkiyəli Bünyamin Sezərin adına yazılıb. O, 2011-ci il aprelin 12-də Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında 298 kiloqramı ram edib. Valentin Xristov isə toplamda 307 kiloqram nəticə göstərərək həm Avropada toplam rekordu, həm də öz rekordunu yeniləmiş olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB