Azərbaycan Milli Olimpiya Komitəsində “Qadınlar idmanda” mövzusunda seminar keçirilib

Azərbaycan Milli Olimpiya Komitəsində “Qadınlar idmanda” mövzusunda seminar keçirilib

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) "Qadınlar idmanda" mövzusunda seminar keçirilib. Siasport idman portalının məlumatına görə, seminarı ABŞ-ın ölkəmizdəki səfirliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Birləşmiş Ştatların ESPN Televiziya Xəbərləri şəbəkəsinin aparıcı idman jurnalisti, Kolumbiya Universitetinin jurnalistika üzrə professoru, peşəkar roller derbi idmançısı xanım Ceyn MakManus aparıb.

Əvvəlcə MOK-un əməkdaşı, "İnkişaf naminə idman" İctimai Birliyinin rəhbəri Mehman Kərimov Azərbaycan idmançılarının qazandığı nailiyyətlərdən söz açıb, seminarın əhəmiyyətini yüksək qiymətləndirib. O, bildirib ki, MOK-da məşhur idmançı, idman mütəxəssisi və bu sahənin jurnalistləri ilə görüşlər artıq adət halını alıb. Ötən il İngiltərə Futbol Assosiasiyasının sabiq direktoru və BBC telekanalının idman reportyoru Devid Devisin iştirakı ilə Azərbaycan jurnalistləri üçün seminar təşkil olunub. Bu kimi silsilə tədbirlərin keçirilməsində məqsəd ölkədə idman jurnalistikasını inkişaf etdirmək, həmçinin ictimaiyyətin diqqətini qadın və qızların bədən tərbiyəsi və idmanla fəal iştirakına cəlb etməkdir.

C.MakManus ABŞ-da qadın idmanının inkişaf tarixindən, hazırda bu ölkədə qadınların idmana cəlb olunması istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd edib ki, qadınlar arasında idmanın kütləviliyinin təmin olunması istiqamətində ABŞ-da bir neçə qanun qəbul edilib. 1972-ci ildə qəbul edilən "IX başlıq" adlı qanunla ABŞ-da qadınlara təhsil almaq hüququ verildi ki, bununla da qadınların idmanla məşğul olması üçün münbit şərait yaranıb. İlk dəfə ABŞ-da kişi və qadın arasında yarış idmanın tennis növü üzrə keçirilib. Həmin görüşdə xanım Billi Jean King rəqibi Bobbi Riggsə qalib gəlib.

Qonaq C.MakManus ABŞ-ın tanınmış qadın idmançılarından olan sürətli maşın sürücüsü Danila Patrik, basketbolçu Britniy Griner, tennisçi Serrena Uilyams və qaydasız döyüş ilə məşğul olan Ronda Rouseri barədə seminar iştirakçılarına məlumat verib və onların qazandığı nailiyyətlərdən danışıb. Xanım C.MakManus bunu da vurğulayıb ki, hazırda dünyada qadınlar məşğul olduqları idman sahələrində əlavə böyük gəlir əldə edirlər. Dünyaca məşhur qadın idmançılar bir çox şirkətlərin, brendlərin və məhsulların siması seçilir və bundan böyük mənfəət qazanırlar.

Sonda C.MakManus seminar iştirakçılarının suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə