"Xəzər Lənkəran"nın tarixində 75-ci sülh STATİSTİKA

"Xəzər Lənkəran"nın tarixində 75-ci sülh STATİSTİKA

Topaz Premyer Liqasının XXVI turunun "Turan"la oyunundakı heç-heçə "Xəzər Lənkəran" üçün yubiley ilə əlamətdar olub. Siasport idman portalının məlumatına görə, bu qarşılaşmadakı 2:2-lik hesab "ağ-yaşıllar"ın Azərbaycan çempionatlarında 75-ci bərabərliyidir. Premyer Liqadakı 9-cu mövsümündə 259-cu matçına çıxan "ağ-yaşıllar" bu görüşədək 74 dəfə "sülh" bağlayıb.

Maraqlıdır ki, bu oyunadək heç-heçələrin yarısı evdə, yarısı səfərdə qeydə alınıb. Öz meydanında 37 bərabərliyi olan "Xəzər Lənkəran" səfərdə 38-ci dəfə 1 xal qazanmaqla bu bərabərliyi pozub.

Cənub təmsilçisi 2010/11 mövsümündə daha çox heç-heçə edib - 12 dəfə. 2009/10 mövsümündə 11, 2007/08-də 10, cari çempionatda və 2005/06-da 9, 2011/12-də 8 "sülh" qeydə alınıb. 2004/05 – 6, 2006/07 və 2008/09 mövsümlərində isə cəmi 5 bərabərlik olub.

Baş məşqçilər arasında daha çox heç-heçə Ağasəlim Mircavadova məxsusdur - 26. Digər mütəxəssislərdən Mirça Rednik 16. Yunis Hüseynov 7, Viktor Pasulko 6, Rasim Kara 5, Nazim Süleymanov 4, İqor Ponomaryov 3, Karles Martorell, Con Toşak hərəyə 2, Emin Quliyev, Hafiz Əliyev, Şenol Fidan, Cüneyt Biçər hərəyə 1 bərabərlik görüb.

"Xəzər Lənkəran" 19 rəqibi ilə bərabərə qalıb. "Ağ yaşıllar" daha çox paytaxt klubları ilə heç-heçə edib. "İnter" ilə 12, "Bakı" ilə 11, "Neftçi" ilə 10 dəfə "sülh"ə imza atan lənkəranlılar digər 16 komandadan heç biri ilə 5 dəfədən çox heç-heçə etməyib: "Simurq" 5, "Turan", AZAL, "Qarabağ", "Qəbələ" 4, "Karvan", "MKT Araz", "Rəvan", "Standard" 3, "Göyəzən", "Sumqayıt" 2, "Kəpəz", "Gənclərbirliyi", MOİK, "Muğan" və ABN 1.

Bütün xəbərlər Facebook səhifəmizdə