Atletimiz Avropa çempionudur

Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən kişilər və qadınlar arasında Avropa çempionatı başa çatmaq üzrədir. Siasport idman portalının məlumatına görə, milli komandamızın üzvlərindən son olaraq körpücük üzərinə İntiqam Zairov çıxıb. O, 94 kq çəki dərəcəsində mübarizə aparıb. İdmançımız qızıl medala əsas namizədlərdən idi.

Birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirən İntiqam Zairov elə startdaca bütün rəqiblərini susdurub. Əvvəlcə 173, sonra 177, son yanaşmasında isə 180 kq-ı ram edən atletimiz, şəksiz liderliyi ələ keçirib. Onun ən yaxın izləyicisi – Rinat Kireyevi birdən-birə 7 kq qabaqlaması fantastik nəticə olub. Üstəlik, şəxsi çəkisi rəqibindən az olan İntiqam, rus atleti lap pis vəziyyətdə qoyub. Çünki Kireyev qızıl medal qazanmaq üçün Zairovun nəticəsindən ən azı 8 kq artıq çəkini ram etməli idi.

Təkanla qaldırma hərəkəti də idmançımız üçün uğurlu keçib. O, ilk olaraq 210 kq-ın öhdəsindən gələrək, əsas rəqibini düz 9 kq qabaqlayıb. İkinci yanaşmada 215, daha sonra isə 216 kq-ı qaldıran Zairov təkanla qaldırmada da qızıl medal qazanıb.

Beləliklə, İntiqam Zairov toplamda 396 kq (180 kq + 216 kq) nəticə göstərək Avropa çempionu adını qazanıb.

Ötən il Antalyadakı Avropa çempionatında bəxtsizlik yaşayan atletimiz, bunun əvəzini artıqlaması ilə çıxa bilib. Əzmkar, döyüşkən xasiyyətini dəfələrlə sübut etmiş İntiqam Zairov, Avropa çempionu olmağı haqq edib.

Təcrübəli idmançımız üçün bu karyerasında ən böyük uğurdur. İntiqam indiyə qədər bir çox beynəlxalq turnirlərdə – dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında iştirak etsə də, medalı yalnız bir dəfə – 2009-cu ildə Buxarestdə keçirilən Avropa çempionatında qazanıb. Həmin vaxt 85 kq çəki dərəcəsində çıxış edən Zairov gümüş medala sahib çıxıb. Tiranadakı qələbə idmançımız üçün karyerasının zirvəsi olub.

Qeyd edək ki, milli komandamız isə Avropa çempionatını 2 qızıl, 2 gümüş və 1 bürünc medalla bitirib. Bu, ötənilki uğurun təkrarı deməkdir. Türkiyənin Antalya şəhərində keçirilən 2012-ci il Avropa çempionatında Azərbaycan yığması 3 qızıl və 2 bürünc medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə