"Qəbələ" son dəqiqədə qələbəni əldən verib

"Qəbələ" son dəqiqədə qələbəni əldən verib

Premyer Liqanın XXVI turunda "Qəbələ" doğma divarlar arasında "Bakı"nı qəbul edib. Siasport idman portalının məlumatına görə, matç "Qəbələ" üçün turnir cədvəlində 5-ci yerə yüksəlmək və Avropaya iddiasını davam etdirmək baxımından önəm kəsb edib. Qarşılaşma həm də Qəbələdə keçirilən 100-cü oyun kimi ələmatdar idi.

Görüş tərəflərin qarşılıqlı hücumları ilə start götürüb. İlk dəqiqələrdə nisbətən aktiv görünən qonaqlar "Qəbələ"nin qapısı önündə bir neçə epizod yaratsalar da, müdafiəçilərin və qapıçının diqqətli oyunu qola imkan verməyib. Əvəzində təzyiqi artıran "qırmızı-qaralar" 30-cu dəqiqədə hesabı açıb. Rəqib müdafiəçilərdən topu "oğurlayan" Viktor Mendi Kamran Ağayevi də arxada qoyaraq komandasını hesabda irəli çıxardıb - 1:0.


İkinci hissəyə "Qəbələ" hücumlarla start verib. Cinahlardan Rəşad Abdullayev və Assisin keçidləri ardıcıl olaraq "Bakı"nın qapısı önündə bir neçə qol epizodunun yaranması ilə nəticələnib. Lakin son vuruşların qeyri-dəqiqliyi hesabın dəyişməsinə imkan verməyib. Matçın son dəqiqələrində müdafiəyə diqqət ayıran meydan sahibləri qonaqların ardıcıl hücumlarını dəf etməli olub. Lakin matçın hakimi Anar Salmanovun 90+3-cü dəqiqədə "Qəbələ"nin qapısına təyin etdiyi şübhəli penalti "qırmızı-qaralar"ın səylərini puç edib. Topa yaxınlaşan Rauf Əliyev hesabı bərabərləşdirib. Bu qolla oyunun taleyi həll olunub - 1:1.

Beləliklə, "Qəbələ" ardıcıl olaraq ikinci həftə oyunun son dəqiqəsində qapısında qol görməklə qələbəni əldən verib.

Bütün xəbərlər Facebook səhifəmizdə