Luis Araqaon: "Çətin oyun olacaq, amma komandama inanıram"

Luis Araqaon: "Çətin oyun olacaq, amma komandama inanıram"

"Komandada hazırda gözəl atmosfer, yüksək əhval-ruhiyyə hökm sürür. Futbolçularımız çox istəklidirlər. "Simurq"la matçda istədiyimiz nəticəyə yaxın olsaq da, son dəqiqə qolu bizi çətin vəziyyətdə qoyub. Artıq "Bakı" ilə matça kökləndik". Siasport idman portalının məlumatına görə, bu sözləri Premyer Liqanın XXVI turunda baş tutacaq "Qəbələ" - "Bakı" matçı öncəsi "qırmızı-qaralar"ın baş məşqçisi Luis Araqon söyləyib. Komandadakı hazırkı durumu dəyərləndirən ispan mütəxəssis müsbət nəticələr ilə bütün problemləri arxada qoyacaqlarına inandığını deyib: "Komanda fiziki baxımdan yaxşı vəziyyətdə olsa da, alınan son nəticələr kollektivi müəyyən mənada ruhdan salıb, futbolçuların özünəinamına mənfi təsir göstərib. Çalışırıq ki, məşqlər və qarşıdakı oyunlarda qazanacağımız uğurlu nəticələrlə komandanın özünəinamını bərpa edək. Bu missiyanın öhdəsindən gələcəyimizə inanıram".

Araqon "Bakı" haqqında fikirlərini də bölüşüb, heyətdəki problemlərdən danışıb: "Bakı"nın bir çox oyununu izlədim və analiz etdim. Komandanın heyətində səviyyəli legionerlər və yerli futbolçular var. Rəqibimiz topla çox oynamağa səy göstərən, ona nəzarət etməyə çalışan komandadır. Çətin oyun olacaq. Amma komandama inanıram. Bütün psixoloji problemləri arxada qoyub uğurlu nəticə qazanmağa çalışacağıq. Heyətimizdə çatışmazlıqlar da var. Omar Kalabane sarı vərəqə limitinə, Ceyhun Sultanov və Vurğun Hüseynov zədəyə görə kollektivə kömək edə bilməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə