Atletimiz 8 Avropa rekordunu yeniləyib

Atletimiz 8 Avropa rekordunu yeniləyib

Albaniyada keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl medala sahib çıxan Valentin Xristovun qələbə qazanması gözlənilən olub. Siasport idman portalının məlumatına görə, gənc atlet rəqiblərindən üstün olduğunu hər dəfə sübut edib. Aprelin 9-da baş tutan çıxış buna bir misaldır. Belə ki, Xristov 62 kq çəki dərəcəsinin təkanla qaldırma hərəkətində yerinə yetirdiyi iki uğurlu yanaşma ilə birdən-birə 8 rekord yeniləyib. Birinci yanaşmada 170 kq-ı ram edən idmançımız bununla Avropanın həm gənclər, həm də yaşı 23-ə qədər olan idmançılar arasında rekordunu yeniləyib.

Gənclər arasında Avropa rekordu erməni əsilli rus atleti Sergey Petrosyana məxsus olub. O, 15 aprel 2008-ci ildə İtaliyanın Linyano şəhərində keçirilən çempionatda bu nəticəni qazanıb. O vaxt 302 kq nəticə göstərən Petrosyan həm də toplamda gənclər arasında Avropa rekordunu müəyyənləşdirib.

Yaşı 23-ə qədər olan idmançıların təkanla qaldırma rekordu da rus Pavel Suxanova məxsus idi. O, 12 sentyabr 2011-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə 163 kq-ın öhdəsindən gəlib. Bu yaş qrupunda toplamdakı rekord isə türk Bünyamin Sezərə məxsus olub. O, 12 aprel 2011-ci ildə Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında 298 kq nəticə göstərib.

Valentin Xristovun birinci yanaşmasında ram etdiyi 170 kq, həm də toplamda 307 kq demək idi. Göründüyü kimi bir cəhdlə bu rekordların dördünü də yeniləyən atletimiz, 175 kq çəkini də rahatlıq ilə başı üzərinə qaldırıb. Bu isə artıq öz rekordlarının bir daha yenilənməsi deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə