Slavik Alxasov: "Meydanda huşumu itirdim"

Slavik Alxasov: "Meydanda huşumu itirdim"

Topaz Premyer Liqasının növbəti turunda "Rəvan" ilə qarşılaşacaq "Sumqayıt" komandası hazırlığını davam etdirir. Siasport.az saytının məlumatına görə, U-21-in düşərgəsində zədələnmiş komandanın müdafiəçisi Slavik Alxasov artıq sağalaraq sıraya dönüb. 20 yaşlı futbolçu yığmadakı çıxışı və hazırlıq prosesi barəsində fikirlərini bildirib: "21 yaşadək futbolçulardan ibarət komandamız hazırlıq prosesi çərçivəsində 3 yoxlama oyunu keçirib. Yığmamız Macarıstan, Gürcüstan və Albaniya milliləri ilə üz-üzə gəlib. U-21-in heyətində iki görüşdə meydana çıxmışam. Normal oyun sərgilədiyimi düşünürəm. Albaniya ilə qarşılaşmada başımdan ciddi zədə aldım. İkili mübarizə zamanı rəqib futbolçunun dizi başıma dəydi. Nəticədə meydanda huşumu itirdim. Həkimlərin səyi nəticəsində özümə gəlsəm də, mənə bir müddət məşq etməmək tapşırığı verildi. Hazırda başımda bir az ağrılar qalsa da, özümü normal hiss edirəm. Artıq komanda ilə məşqlərə başlamışam. İnşallah növbəti turda komandama kömək edərəm".

S.Alxasov geridə qalan "Kəpəz" və qarşıdakı "Rəvan" ilə oyun barəsində də danışıb. Futbolçu növbəti oyunda əsas vəzifələrinin 3 xal qazanmaq olduğunu bildirib: "Kəpəz" ilə oyunda komandamız kifayət qədər qol imkanı yaratdı. Hətta iki dəfə qapı dirəyi, iki dəfə isə Gəncə klubunun qapıçısı komandasını real qoldan xilas etdi. Buna baxmayaraq, 3 xalı qazana bildik. Komandada irəliləyiş hiss olunur. Son 3 görüşdə 7 xal qazanmışıq. İnşAllah növbəti görüşdə "Rəvan"ı da üstələyib mövqeyimizi bir qədər də yaxşılaşdırarıq".

Bütün xəbərlər Facebook səhifəmizdə