Son 4 ildə ən yaxşı “Bakı” STATİSTİKA

Son 4 ildə ən yaxşı “Bakı” STATİSTİKA

Topaz Premyer Liqasının XXIV turunda "Simurq"la səfər oyununda 1:0 hesabı ilə qalib gələn "Bakı" 2013-cü ildəki məğlubiyyətsizliyini davam etdirib. Siasport.az saytının məlumatına görə, paytaxtın eyniadlı təmsilçisi bu il keçirdiyi 9 qarşılaşmada məğlub olmayıb. Bakılılar 7 çempionat və 2 kubok qarşılaşmasında 4 qələbə qazanıb və 5 heç-heçə edib. Bojidar Bandoviçin yetirmələri bu görüşlərdə 14 qol vurub, 6-nı buraxıb. "Bakı" sonuncu dəfə ötən il dekabrın 22-də "İnter"lə çempionat matçında məğlub olub – 0:1. Həmin səfər məğlubiyyətindən sonra davam edən seriya isə artıq rekord həddə çatıb. Bu, "Bakı"nın son 4 ildə ən uğurlu seriyasıdır. 2008/09 mövsümündə Azərbaycan çempionu adını qazanan paytaxt klubu ondan sonra heç vaxt indiki kimi uğurlu çıxış etməyib. Komanda "altılıq" sisteminə keçiddən sonrakı 4 mövsümdə ən yaxşı halda ardıcıl 8 oyun məğlub olmayıb. Bu seriya 2010-cu ilin əvvəlinə təsadüf edib. İndi isə 9 oyunluq seriya ilə çempionluqdan sonra ən yaxşı göstərici əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə