Cüdoçularımız 1 gümüş və 1 bürünc medal qazanıblar

Cüdoçularımız 1 gümüş və 1 bürünc medal qazanıblar

Türkiyənin Samsun şəhərində keçirilən Qran-pri yarışlarında Azərbaycan cüdoçuları iki medal qazanıb. Siasport.az saytının məlumatına görə, yarışda 43 ölkədən 380 cüdoçu mübarizə aparıb. Yarışın ilk günündə yığmamıza birinci medalı Vüqar Şirinli (60 kq) qazandırıb. Cüdoçumuz bürünc medala sahib olub. İlk olaraq Türkiyə idmançısı Ahmet Kabanı məğlub edən cüdoçumuz daha sonra britaniyalı Eşli Makkenzini üstələyərək, 1/4 final mərhələsinə yüksəlib. Tunis idmançısı Frac Doubidən də üstün olan V.Şirinli yarımfinalda Monqolustan təmsilçisi Amartuvşin Daşdavaaya məğlub olub. Cüdoçumuz bu görüşdə məğlub olsa da, üçüncü yer uğrunda mübarizə apararaq, bürünc medal qazanıb.

Elmar Qasımov (100 kq) yarışı gümüş medalla başa vurub. Əvvəlcə türkiyəli İsmayıl Cantezi məğlub edən cüdoçumuz daha sonra ermənistanlı Hakob Arakelyana qalib gələrək, 1/4 final mərhələsinə adlayıb. E.Qasımov Beynəlxalq Cüdo Federasiyasının reytinq cədvəlində üçüncü olan çexiyalı Lukas Krpalekə, sonra hollandiyalı dünya çempionu Henk Qrola qalib gəlib. Həlledici görüşdə isə Rusiya təmsilçisi Adlan Bisultanovla qarşılaşan cüdoçumuz gümüş medalla kifayətlənib.

Beləliklə, cüdo yığmamız Türkiyədə 1 gümüş və 1 bürünc medala sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə