"Qəbələ" "Bavariya", "Çelsi" və "Milan"a qarşı

"Qəbələ" "Bavariya", "Çelsi" və "Milan"a qarşı

"Qəbələ"nin 13 yaşa qədər futbolçulardan ibarət komandası bu gün səhər saatlarında IV Vodafone Beynəlxalq Futbol Turnirində iştirak məqsədilə Antalyaya yollanıb. Siasport.az saytının məlumatına görə, bu, artıq ənənə halını almış turnirdə "qırmızı-qaralar"ın 4-cü iştirakıdır. FİFA bayrağı altında keçirilən Vodafone kubokunda Avropanın tanınmış klubları – "Bavariya", "Milan", "Çelsi", "Vilyarreal", "Galatasaray", "Fənərbaxça", "Beşiktaş" birincilik uğrunda yarışacaqlar. İlkin mərhələdə komandalar 4 kollektivdən ibarət qruplarda mübarizə aparacaqlar. Bu mərhələdə "Qəbələ" "H" qrupunda "Bursaspor", "Kosova SDC – İFA" və "Kızılcahamamspor"la üz-üzə gələcək. Turnirin açılış günündə (sabah) qəbələlilər iki matç keçirəcək. "Qəbələ" öncə "Bursaspor", daha sonra isə "Kosova SDC – İFA" ilə qarşılaşacaq. Aprelin 1-də isə "qırmızı-qaralar" qrup mərhələsinin son oyununda "Kızılcahamamspor"la üz-üzə gələcək.

Xatırladaq ki, ilk dəfə 2010-cu ildə iştirak etdiyi bu yarışda "Qəbələ" turnirin ən ümidverici komandası seçilib. 2011-ci ildə isə "Qəbələ" turniri 7-ci sırada tamamlayıb. Ötən il "qırmızı-qaralar" nəticəni bir qədər də yaxşılaşdıraraq yarışı 5-ci pillədə yekunlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə