Boksçularımız beynəlxalq turnirdə uğurla çıxış edirlər

Ukraynanın Xerson şəhərində Mikola Manqerin xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir başlayıb. Siasport.az saytının məlumatına görə, yarışda Ukrayna, Azərbaycan, Gürcüstan, Türkiyə, Misir, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Rusiya və Ermənistan komandaları iştirak edirlər.
Yarışın ilk günündə rinqə çıxan boksçularımızın hamısı qələbə qazanıblar. 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev ilk döyüşünü qalibiyyətlə başa vurub. Son Azərbaycan çempionatının bürünc mükafatçısı ukraynalı Anton Kosseni məğlub edib. Tamerlan Abdullayev (69 kq) də yarışa qələbə ilə başlayıb. Azərbaycan çempionu moldovalı Valeri Sirbu ilə döyüşdə çətinlik çəkməyib.
Ötən il 21 yaşlılar arasında Avropa çempionu olmuş Elvin İsayev (60 kq) ilk görüşdə məşqçilərin etimadını doğruldub. Milli komandamızın üzvü Rusiya idmançısı Sergey Krasnitskini üstələyib. London Olimpiadasının iştirakçısı Soltan Migitinov (75 kq) isə Ukrayna boksçusu Vladislav Voytalyuku yarışdan kənarlaşdırıb.

Qeyd edək ki, yarışa martın 30-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə