"Karyeram ərzində çalışdırdığım klublar daha çox kuboklar qazanıb. Odur ki, mən kuboku sevirəm və mənim üçün Azərbaycan kubokunun qazanılması da maraqlı olardı". Siasport.az saytının məlumatına görə, bu sözləri dünən təqdimetmə mərasimi çərçivəsində keçirilən ilk mətbuat konfransında "Xəzər Lənkəran"ın yeni baş məşqçisi Con Bencamin Toşak deyib.
Baş məşqçi qeyd edib ki, onunla "Beşiktaş" prezidenti əlaqə saxlayaraq "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimovla görüşməyi məsləhət görüb. "Bundan əvvəl mən Uels yığması ilə 2 dəfə Azərbaycanda olmuşam. Odur ki, bu ölkə mənə tanışdır. Beləliklə, M.Mənsimovla görüşməyə razılaşdım və danışıqlar zamanı anladım ki, "Xəzər Lənkəran"a gəlmək təklifi mənim üçün yeni çağırışdır. Bu maraqlı təklifə razılığımı verdim", - deyə Toşak vurğulayıb.
Gələcək planlarından danışan çalışdırıcı belə söyləyib: "Mən hələ ki, tək gəlmişəm. İstəyirəm gedim Lənkərana, oradakı vəziyyəti gözlərimlə görüm, ondan sonra bizə nə lazım olduğunu özüm üçün müəyyənləşdirim. Hələ komandanı görməmişəm, odur ki, hansı taktikaya üstünlük verəcəyimiz haqda danışmağım hələ tezdir. Komanda üzvləri ilə tanışlıqdan sonra bununla bağlı hansısa qənaətə gələ bilərəm. Taktikanı oyunçulara uyğun qurmaq lazımdır. O ki qaldı məşqçilərə, 35 illik karyeram ərzində 7 ölkədə işləmişəm və həmişə yerli mentalitetdə olan məşqçilərlə işləməyə üstünlük vermişəm. Çox guman ki, bu dəfə də istisna olmayacaq. Yerli məşqçilər məni Azərbaycan futbolu ilə tanış edərlər, eyni zamanda məndən də nəsə öyrənərlər. Hələ ki, heç kəsi gətirməmişəm".
Yeni transferlərin olub-olmayacağından söz açan Toşak qeyd edib ki, komanda ilə tanış olduqdan sonra bu məsələyə aydınlıq gətirilə bilər: "Transferlər transfer naminə olmamalıdır. İlk növbədə mən komanda üzvlərinin səviyyəsini görmək istəyirəm. Belə fikirdəyəm ki, yerli məhsul daha yaxşı dad verirsə, gedib supermarketdən süni bir şey almağa ehtiyac yoxdur. Həmişə etdiyim kimi, bu dəfə də üstünlüyü yerli oyunçulara verəcəm. Amma legioner alsaq, o, komanda üçün canını meydanda qoyan futbolçu olmalıdır. Hesab edirəm ki, bu gün komandada həddindən çox legioner var. Bu, mənim şəxsi fikrimdir, ancaq vəziyyətlə hələ yaxından tanış olmaq lazımdır".
Makedoniya yığmasından ayrılmasının səbəbini şərh edən mütəxəssis vurğulayıb ki, oradakı məsələ tam fərqlidir: "Makedoniya yığması və "Xəzər Lənkəran" ayrı-ayrı komandalardır. Makedoniyada söhbət milli yığmadan gedirdi və komandanın oyunları arasında vaxt uzun müddət olduğundan bu ölkədə qalmağın mənası yox idi. "Xəzər Lənkəran" isə hər həftə oyun keçirən klubdur. Mənim üçün Lənkərana tez gedərək, orada vəziyyətlə tanış olub, tezliklə işə başlamaq çox maraqlıdır".
"Xəzər Lənkəran"ın baş məşqçisi olaraq komandanın Azərbaycan milli yığmasına verəcəyi töhvə haqqında danışan Toşak belə deyib: "Milli yığma çox mühüm məsələdir və biz sözsüz ki, yardım etməyə çalışıcağıq. Ancaq bizim yağlı çörəyimiz "Xəzər lənkəran"dır və onun uğuru üçün işləyəcəyik"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB