Ramil Həşimzadə: "Çalışacam ki, komandada daimi çıxış edim"

Ramil Həşimzadə: "Çalışacam ki, komandada daimi çıxış edim"

Qış "transfer pəncərəsi"ndə "Rəvan"ın heyətə qatdığı futbolçulardan biri də Ramil Həşimzadə idi. Siasport.az saytının məlumatına görə, "Sumqayıt"dan transfer edilən yarımmüdafiəçi ilk vaxtlar formada olmadığına görə oynaya bilməyib. Ancaq son 2 matçda baş məşqçi Ramil Əliyev onun xidmətindən yararlanıb. Ramil əvvəlcə ölkə kubokunun "Xəzər Lənkəran"la Lənkəranda keçirilən cavab oyunun 1/4 final matçında meydana çıxıb. Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində elə "Xəzər Lənkəran"a qarşı görüşdə isə o, ölkə çempionatında "Rəvan" forması ilə debüt etdi.

Məşqçilərin start heyətində yer verdiyi Həşimzadə bu haqda danışıb: "Sumqayıt"dan gələndən sonra bir müddət formamı bərpa etməklə məşğul idim. Məşqlərdə üzərimdə səylə çalışırdım ki, çatışmazlıqları tez aradan götürə bilim. "Rəvan"da ilk olaraq Lənkərandakı kubok oyununda debüt etdim. Ardından isə çempionatda "siftə" etdim. Oyunumdan razıyam? Hazırda tam formada olduğumu demək olmaz. Amma məncə, pis çıxış etmədim. Ancaq daha da artırmalı olduğumu gözəl başa düşürəm. İstənilən halda, nə dərəcədə hazır olduğumu məşqçilər söyləyə bilər. Qarşıda hələ 9 oyun var. Çalışacam ki, məşqlərdə özümü yaxşı tərəfdən göstərib start heyətinin daimi üzvünə çevrilim. Yekun qərarı Ramil müəllim verəcək. Mən öz adımdan söz verə bilərəm ki, ilk oyunlarda necə ürəklə, həvəslə oynamışamsa, elə də davam edəcəm. Çıxış etdiyim sağ cinahda böyük qardaş saydığım Ramazan Abbasov da oynayır. Rəqabət? Məncə, rəqabət həm komandanın xeyrinə olacaq, həm də hər ikimizin "artım"ına səbəb olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə