Şəhriyar Əliyev: "Bunu bacardığıma görə çox sevinirəm"

Azərbaycan kuboku uğrunda yarışların 1/4 final mərhələsinin cavab oyununda səfərdə "İnter"lə 2:2 hesablı heç-heçəyə nail olan "Bakı"nın gənc müdafiəçisi Şəhriyar Əliyev oyunun 68-ci dəqiqəsində vurduğu qolla diqqətləri özünə cəlb edib. Siasport.az saytının məlumatına görə, cərimə zərbəsindən göndərilən topu dabanı ilə rəqib qapısından keçirən 20 yaşlı müdafiəçinin qolu tam əsaslarla ən gözəl qollar siyahısında yer ala bilər. Şəhriyar bu barədə fikirlərini belə ifadə edir: "Ev tapşırığına əsasən standart vəziyyətlərin icrası zamanı hücuma qoşulacağımı əvvəldən bilirdim. Şoliç topun gerisinə keçəndə artıq ön xətdə yer almışdım. Qol epizoduna gəlincə, başla zərbə endirmək istədim, ancaq mövqeyim buna imkan vermədi. Bu səbəbdən ayaqla oynadım. Nəticədə dabanla effektli qol alındı. Bunu bacardığıma görə çox sevinirəm. Həm də bu qol sayəsində kubokda vacib mərhələ adladıq. Təbii ki, sevincimin əsas payı komandamızın iki oyunun cəminə görə əldə etdiyi qələbəsinə görədir".

Xatırladaq ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda səfərdə 2:2 hesablı heç-heçə edən "Bakı" yarımfinla yüksəlib. Rəqbilərin ilk oyunu 1:1 hesablı bərabərliklə başa çatıb.
Yeri gəlmişkən, Şəhriyarın qolu həftənin ən gözəl qolları sırasında yer alır. Portuqaliyanın nüfuzlu TVGOLO portalının keçirdiyi sorğunun nəticələrinə əsasən, gənc futbolçunun qolu hazırda 4-cüdür. Səsvermə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə