Xaqani Məmmədov: “Cüneyt Çakırın səhvləri qırmızı vərəqə göstərəndən sonra oldu”

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Yuneyted" – "Real" oyununda türkiyəli hakim Cüneyt Çakırın 56-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Nanini meydandan qovması barədə mübahisələrə səbəb olan qərarını şərh edib. Siasport.az saytının Qol.Az-a istinadən verdiyi məlumata görə, hazırda Kiprin Nikosiya şəhərində UEFA tərəfindən milli təlimatçılar üçün seminarda iştirak edən X.Məmmədov bildirib ki, tədbir iştirakçıları ilə də bu haqda müzakirə aparıblar: "Hamımızın yekdil rəyi belədir ki, orada Nani tərəfindən rəqibə qarşı açıq aqressiv hərəkət vardı. Buna görə də türk hakim qırmızı vərəqə verməkdə haqlıydı. Amma sarı vərəqə göstərsə də, problem olmazdı. Sadəcə, qırmızı vərəqə bu oyunun ruhuna uyğun deyildi".

X.Məmmədov bildirib ki, Naniyə qırmızı vərəqə göstərdikdən sonra Cüneyt Çakır özünə inamı itirməyə başlayıb: "Bu da təbiidir. Çakıra futbolçular, azarkeşlər və rəqib məşqçiləri tərəfindən psixoloji təzyiqlər oldu. Bundan sonra o, xırda səhvlərə yol verməyə başladı. Konkret Serxio Ramosla bağlı epizodda qayda pozulduğu üçün "Real"ın qapısına penalti təyin edilməli idi".

Bütün xəbərlər Facebook səhifəmizdə