Azad Rəhimov “Aljazeera” telekanalına müsahibə verib

Azad Rəhimov “Aljazeera” telekanalına müsahibə verib

Bu gün Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Qətərin "Aljazeera" telekanalına müsahibə verib. Siasport.az saytının məlumatına görə, müsahibə əsasən, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq məsələləri ilə bağlı olub. Telekanalın əməkdaşı Riçard Parın suallarını cavablandıran nazir bildirib ki, Bakının mövcud idman infrastrukturu ilə yanaşı, hazırda inşası davam edən nəhəng idman mərkəzləri bu oyunları yüksək səviyyədə keçirməyə imkan verəcək. Olimpiya kəndinin də vaxtında hazır olacağını və hər bir şəraitlə təmin ediləcəyini vurğulayan A.Rəhimov yarışların təşkil ediləcəyi idman növlərinin bəzilərinin artıq dəqiqləşdiyini, tam siyahının isə martın ortalarında müəyyən ediləcəyini diqqətə çatdırıb. Nazir qeyd edib ki, sovetlər ittifaqı dağılanda, Azərbaycanın müstəqilliyinin ilk illərində Bakıda cəmi bir stadion və 2 idman mərkəzi vardı. Lakin onların da yenidənqurmaya ciddi ehtiyacı var idi. Hazırda isə ölkəmizdə yeni olimpiya kompleksləri və stadionlarla yanaşı, müxtəlif idman növləri üçün mərkəzlər də inşa edilməkdədir.

Müxbir güləşin 2020-ci il olimpiadasının proqramından çıxarılması məsələsinə nazirin münasibətini də öyrənib. A.Rəhimov bildirib ki, Beynəlxalq Olimpiya Komitəsinin bu tövsiyəsi hər kəs üçün gözlənilməz olub. Güləş bütün dünyada sevilən idman növüdür. Elə ötən il London Olimpiadasında da bunun şahidi olduq. Bu idman növünün güclü inkişaf etdiyi ölkələrin sayı dünyada çoxluq təşkil edir. Ona görə də, güləşin olimpiya proqramında qalacağına inanıram.

Qeyd edək ki, nazir A.Rəhimov telekanal əməkdaşının Azərbaycan idmanı ilə bağlı müxtəlif suallarını da cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə