“Olimpiyaçılar aramızda” respublika turnirinin final mərhələsi başladı

“Olimpiyaçılar aramızda” respublika turnirinin final mərhələsi başladı

Bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə "Olimpiyaçılar aramızda" açıq respublika turnirinin final mərhələsi başlayıb. Siasport.az saytının məlumatına görə, Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına əsasən təşkil olunan və şəxsi xarakter daşıyan turnirdə Respublikanın bütün bölgələrini təmsil edən 1997-1998-ci il təvəllüdlü idmançılar 10 çəki dərəcəsində mübarizə aparırlar.

İki gün davam edəcək turnirin keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq və 2014-cü ildə təşkil olunacaq yeniyetmələrin II Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, final yarışlarında ilk üç yeri tutacaq idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək, tam dəst idman geyimi ilə təmin ediləcək və yığma komandanın heyətinə cəlb olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə