Güləşçilərimizdən 6 medal gəldi

Güləşçilərimizdən 6 medal gəldi

Belarusun paytaxtı Minskdə üçqat Olimpiya çempionu Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 43-cü beynəlxalq turnir keçirilib. Siasport.az saytının məlumatına görə, baş məşqçi Yaqub Məmmədovun rəhbərliyi altında turnirdə iştirak edən qadın güləşi üzrə yığma komandamızın üzvləri 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

İdmançılarımızdan Anjela Doroqan (51 kq), Yuliya Ratkeviç (59 kq) və Natalya Palamarçuk (67 kq) keçirdikləri bütün görüşləri qələbə ilə başa vuraraq turnirin qızıl medalına sahib olub. Diqqət çəkən məqam Yuliya Ratkeviçin finalda yığmamızın digər üzvü İrina Netrebaya qalib gəlməsidir. Bürünc medalları isə yığmamıza Anna Belyayeva (63 kq) və Səbirə Əliyeva (72 kq) qazandırıb.

Martın 19-24-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa çempionatına daha yaxşı hazırlıq məqsədi ilə yığma komandamız martın 14-dək Belarus güləşçiləri ilə birgə təlim-məşq toplanışında iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov Beynəlxalq Güləş Federasiyasının nümayəndəsi kimi Aleksandr Medvedin mükafatı uğrunda 43-cü beynəlxalq turnirin təşkilinə və gedişinə nəzarət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə