Ramil Kərimov: "Start heyətində yer alacağını gözləmirdim"

Ramil Kərimov: "Start heyətində yer alacağını gözləmirdim"

AZAL-la oyunda "Kəpəz" məğlub olsa da, heyətdə yer alan futbolçulardan Ramil Kərimov özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Siasport.az saytının məlumatına görə, gənc qolkiper komandasını oyun boyu bir neçə real qol vəziyyətində xilas etməklə, hesabın daha böyük olmasına imkan verməyib. Qapıçı start heyətində yer alacağını gözləmədiyini bildirib: "Komandamızda üç qapıçı var. Əsas "çərçivə qoruyucumuz" Xəyal Zeynalovdur. Bu səbəbdən AZAL-la oyundan öncə keçirilən iclasda baş məşqçimiz Mahmud Qurbanovun meydana çıxacaq oyunçular arasında adımı çəkməsi gözlənilməz oldu. Amma mən hər zaman oynamağa hazır olmuşam. Məncə, debütüm pis alınmadı.Komandaya kömək edə bildim. Biz gənclər təcrübə sarıdan əziyyət çəkirik. Ona görə istənilən kimi mübarizə apara bilmir və məğlub oluruq".

Ramil Kərimov təcrübəsizliyi qabartsa da, bakılılarla oyunda bu onda hiss olunmayıb. Əksinə, Ramil sanki uzun illər elitada top qovmuş futbolçu kimi özünü göstərib.

"Mən əvvəllər "Turan"ın heyətində çıxış etmişəm. Tovuz təmsilçisində 5 oyunda əsas heyətdə meydana çıxmışam. Yəni demək istəyirəm ki, azda olsa, elita təcrübəm var. Mövsümün ilk yarısında şərəfini qoruduğum "Tərəqqi"də isə 12 matçda oynamışam. Ehtiyatda oturmamışam, oyun təcrübəsi qazanmışam. Bütün bunlar mənə kömək oldu. Amma hələ çox çalışmalıyam ki, daha yaxşı oyun sərgiləyim", - deyə futbolçu qeyd edib.

Qapıçı qarşıdakı turda meydana çıxıb-çıxmayacağına əmin olmasa da, "Kəpəz"ə meydanda kömək etmək istədiyini vurğulayıb: "Əsas məqsəd həmişə oynamaq, heyətdəki yerimi qorumaqdı. Dəqiq deyə bilmərəm ki, "Simurq"a qarşı görüşdə oynayacağam ya yox. Bu, baş məşqçidən asılı olan məsələdir. O, kimi istəsə, daha uyğun və hazır bilsə, o da qapıda duracaq".

Bütün xəbərlər Facebook səhifəmizdə