Xəyal Zeynalov: "Özümüzü yaxşı tərəfdən göstərə bilmirik"

"Əlimizdən gələni edirik ki, yaxşı cıxış edək. Amma hələ bu bizdə alınmır". Siasport.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in kapitanı Xəyal Zeynalov deyib. Qolkiper uğursuz seriyaya son qoymağa çalışdıqlarını söyləməklə, məşqlərdə çatışmayan cəhətlər üzərində durmadan işlədiklərini bildirib: "Hazırlıq prosesində hər bir futbolçu məşqçilərin tapşırığını qüsursuz yerinə yetirir. Nədənsə oyunlarda özümüzü yaxşı tərəfdən göstərə bilmirik. Yaxşı başa düşürük ki, son pillədən uzaqlaşmalıyıq. Təəssüf ki, qarşıya qoyulan məqsədə çata bilməmişik".

Qış fasiləsindən sonra kapitan sarığısına layiq görülən X.Zeynalov yeni vəzifəsi haqda da danışıb. O, bu məqamın məsuliyyəti artırdığını vurğulayıb: "Mənim üçün doğma klubumda kapitan olmaq qürurvericidir. Komandada məndən əvvəl kimlərin kapitan olduğunu keçmişə baxıb görəndə, adam onlarla eyni cərgədə durduğu üçün şərəf duyur. Bu sarğını daşıyan futbolçu komanda yoldaşları ilə həm baş məşqçi, həm də rəhbərlik arasında körpü olmağı bacarmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə