Ramin Musayev: "Məndən olsa, Babək Quliyev bu gün hakimliyə qayıdar" MÜSAHİBƏ

Ramin Musayev: "Məndən olsa, Babək Quliyev bu gün hakimliyə qayıdar" MÜSAHİBƏ

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev müsahibə verib. Siasport.az saytı müsahibəni təqdim edir:

- Ramin müəllim, çempionat fasiləyə necə yollanmışdı və necə başladı?

- Mən böyük dəyişiklik görmürəm. Güclü komandalar daha da güclənib, zəiflər də zəifləyib. Ad açıqlamaq istəmirəm, amma bundan başqa heç nə görünmür.

- Onda belə deyək, sizi hansı komanda təəccübləndirdi?

- Hamısı məni təəccübləndirdi.

- Yaxşı mənada?

- Yaxşı mənada heç bir komanda məni təəccübləndirmədi.

- Bəs əksi?

- Elə hamısı.

- Özünüz də Antalyada idiniz. Sizcə fasilədə hansı komanda daha yaxşı hazırlıq keçdi?

- Mən daha əvvəl də demişdim və yenə təkrar edirəm, hansı komandanın daha yaxşı hazırlıq keçdiyini bilmək üçün ən azı 3 tur gözləmək lazımdır. Başqa cür o komandaların hazırlığı barədə bir söz demək çətindir. İnşallah bu sualınıza 3- cü turdan sonra cavab verərərm.

- Adətən klubların transfer siyasətini tənqid edirsiz. İndi vəziyyət necədir?

- Hər şeyi olduğu kimi demək olmur, çünki klublar bunu başqa cür qələmə verir. Elə klub rəhbəri, elə baş məşqçi var ki, deyir transferi yayda edəcəm. Mən bunun əleyhinəyəm. Bu sözlərim Avrokuboklarda iştirak edən klublara aiddir. Yayda transfer olunan futbolçular komandaya normal uyğunlaşıb xeyir verə, öz sözlərini deyə bilmirlər. Niyə? Müddət qısadır deyə komandaya alışmır. Yeni gəlmiş, komandanın ab- havasına alışmamış futbolçunun özünü göstərməsi qeyri-mümkündür. Mümkündür, amma çox az hallarda. Bu hal o zaman baş verir ki, futbolçu daxili çempionatda oynayır, buranın ab- havasına bələd olur, başqa komanda da onu oğurlayır, alır, hansısa yolla heyətinə qatır. Bu zaman həmin oyunçuya heç nə problem olmur. Axı futbolçular bir- birlərini yaxşı tanıyırlar. Kənardan gəlib bir aydan sonra Avrokuboklarda meydana çıxıb komandaya xeyir versin? Mümkün deyil. Ancaq qışda alanda, futbolçu komandaya uyğunlaşır və xeyir də verə bilir. Bir məqama da toxunacam. Bəzi klublar narazılıq edir ki, niyə "altılıq" sistemi var və "altılıq" oyunları qış transfer dönəminə kimi bitmir. Yəni deyirlər ki, "altılığ"a düşən komanda heyətni daha da gücləndirir. Yaxşı, sən bu il komandanı gücləndirmədin, bəs gələn il çempionata necə qatılacaqsan? Deməli yenə də geri qalırsan, axsayırsan. Bu sənin komandandır, güclü klub saxlamaq fikrindəsənsə, onsuz da gücləndirməlisən. Deməli, transfer işləri düzgün aparılmayıb, məşqçin zəifdir.

- Bizdə elə məşqçi var ki, komandaya aid lazımı bütün səlahiyyətlər ondadır?

- Var, niyə ki...

- Neçə barmağınızı qatdalaya bilərsiz?

- (bir qədər fikirləşir, sanki ürəyində sayır) Üçünü dəqiq bilirəm. Sırf futbolçu seçimi baxımından deyirəm.

- Transferlərdən söz düşmüşkən, hər altı aydan bir komandalar heyətlərinin az qala ya yarısını, ya da hamısını dəyişsinlər. Bu barədə nə düşünürsüz?

- Belə götürəndə sağ olsunlar, düz edirlər, bizə xeyir verirlər. İnanın ki, bu xeyir bizə lazım deyil. 12 klubun, bizim və AFFA- nın bir məqsədi olmalıdır ki, Azərbaycanda futbol inkişaf etsin və ölkəmizdən kənarda da millətimizi sevindirək. Daxildəki uğurları nəzərdə tutmuram. Belə deyək, uşaq evdə tərbiyəlidir, söyüş söymür, amma küçəyə çıxan kimi başlayır söyüş söyməyə. Yaxşı olar ki, o uşaq evdə söysün, amma küçədə özünü mədəni aparsın. Fərqi yoxdur, hansı komanda gedir getsin, təki Azərbaycana şərəf gətirəcək uğur qazansın.

- Çempionatda favoritiniz var?

- Keç o biri suala...

- Buna cavab vermək çətindir?

- Sadəcə cavab vermək istəmirəm.

- Klubların PFL-ə borcu çoxdur?

- Verənlər də var, verməyənlər də.

- Verənləri qoyaq bir kənara, verməyənlər hansı klublardı?

- "Dembel"lər vermir, amma "molodoy"lar borclarını vaxtına ödəyir (gülür).

- Ona görə də onlara "dembel" deyirlər. Başqa suala keçim. Sturuktur baxımından onun işi konkret sizə aid olmasa da, amma deyilənə görə Hakimlər Komitəsinin sərdi Xaqani Məmmədov vəzifəsindən gedir?

- Xaqani Məmmədovun vəzifəsindən gedib-getməməsinin mənə heç bir aidiyyatı yoxdur. Soruşsalar deyərəm ki, getməsin.

- Hansı keyfiyyətlərinə görə?

- Sən istəyirsən getsin?

- Mən sualı sizə verdim?

- Bildim, indi mən sizə sual verirəm.

- Axı mənim fikrim bu məsələdə heç nəyi dəyişməyəcək...

- Sən de.

- Axı desəm də heç nəyi dəyişməyəcək...

- Dəyişəcək.

- Məndən olsa gedər (Ramin Musayevin inad etdiyini görən bəndəniz söhbəti uzatmamaq üçün suala cavab verirəm).

- Niyə? Axı sən özün Antalyada hakimlərin toplanışında oldun, nə gördün orada?

- Bütün işləri hakim Elçin Məmmədov aparır, Xaqani Məmmədov da fiqur kimi görünür.

- Elçin Məmmədov orada ancaq təşkilatçılıqla məşğul idi. Özü də, hər il Elçin Məmmədov olmur. Keçən il də bu işi Fariz Yusifov yerinə yetirirdi.

- Elçin Məmmədovun işindən razı qaldım, onu gətirin vəzifəyə, daha bir nəfərə də artıq maaş verməyəsiz də...

- Gəmi yolunu düz gedirsə, səbəbkarı kapitandır.

- Bizdə başqa cürdür axı...

- (sözümü kəsir) Sizi bilmirəm, bizdə belədir.

- Mən ümumi olaraq nəzərdə tuturam...

- Buyur.

- Yaxşı bunu qoyaq kənara...

- 1:0 mənim xeyrimə.

- Bu sizə elə gəlir. Bayaq suala cavab verməyəndə artıq hesab açılmışdı və mən öndə idim.

- Mən razı deyiləm.

- Bu da sizin fikirdi və hörmətlə yanaşıram. Anar Niyazovun məsələsi nə yerdədir?

- Bu sual da mənə aid deyil, Xaqani Məmmədovdan soruşun.

- Anar Niyazov bizim qəzetə müsahibəsində deyib ki, onu hakimlikdən siz uzaqlaşdırmısız?

- Bəs eşitmişəm qəzet sənindi?

- Axı elə indi də "mənim yox, bizim qəzetimiz" dedim. Bir qədər diqqətli olun...

- Biz deyəndə kimi nəzərdə tutursan?

- Qəzetin sahibi İlqar Tağıyevi. Mən onunla dost olduğumdan, lazım olanda yaradıcılıq baxımından kömək edirəm.

- Allah sizi mehriban etsin. Buyur.

- Sağolun, amma Anar Niyazov sualına cavab vermədiz?

- Bu, onun şəxsi fikridir və səhv düşünür.

- Niyazov iddia edir ki, məsələ sizlik deyil, amma Rövnəq Abdullayevin onu bağışlamamasını Anara siz demisiniz.

- Yalan deyir.

- Hətta belə də demişdi ki, Rövnəq müəllim hakimlərlə, heç Birinci Divizionla da maraqlanmır...

- Rövnəq müəllim hər şeylə çox ciddi şəkildə maraqlanır. Hətta gənc hakimlərin də adlarını bilir.

- Rövnəq Abdullayevlə daimi ünsiyyətdə olan insansız...

- (yenə sözümü kəsir) Onunla ünsiyyətdə olan insan təkcə mən deyiləm. Əgər hansısa işlər varsa, əvvəl çalışıram özüm həll edim. Həll edə bilməyəndə isə Rövnəq müəllimə müraciət edirəm. Hakimlik də mənə aid deyil ki, bu barədə Rövnəq müəllimə müraciət edim. Hakimliklə bağlı ona AFFA- nın baş katibi Elxan Məmmədov müraciət edir və cavabını da alır.

- Anar Niyazovun məlum sms söhbətində yəqin ki, "Qaradağ Lökbatan" tərəfiylə də söhbətiniz olub. Niyə onlardan sms-i oyundan qabaq sizə vermələrinin səbəbini soruşmadınız?

- Onlara bu sözlər deyilib.

- Cavabları nə oldu?

- Dedilər, çatdıra bilməyiblər.

- Siz də inandız? Bir kəlmə sizə zəng də edib nəsə deyə bilməzdilər?

- Siz sual verdiz, mən də cavablandırdım.

- Hansı tərəfi haqlı sayırsız?

- Heç bir tərəfi. Hək ikisinin də səhvi var.

- Bəs, niyə iki tərəf də cəzalanmır?

- Kim cəzalanıb ki?

- Anar Niyazov daha hakimlikdə yoxdu.

- Onu Xaqani Məmmədovdan soruşun.

- Sizcə hakimlik edəcək?

- Bilmirəm.

- Keçmiş FİFA referisi Babək Quliyev sizin haqqınızda sərt açıqlamalar verməkdə davam edir...

- İxtiyar sahibidir. Azərbaycanda demokratiya var, söz azadlığıdır. Kim onun səsəni alıb ki? O, şəxsi fikrini bildirir.

- Amma günahsız yerə hakimlikdən uzaqlaşdırıldığını iddia edir.

- Yenə deyirəm, bu onun şəxsi fikridir, özü bilər. Onun barədə qərarı mən verməmişəm, kim verib, ondan soruşun.

- UEFA-da Babək Quliyevin olduğu qrupdakı bütün hakimlər indi Avropa və Çempionlar Liqasının qrup mərhələsinin oyunların idarə edirlər. Ən azından elə bu mənada Babək Quliyev kimi istedadın qovulması Azərbaycan hakimliyinə bir zərbə olmadımı?

- Gəlin o mərhələni qoyaq bir kənara. İndi fikrimi bildirəcəm. Ola bilsin ki, hərə bir cür qiymətləndirəcək. Azərbaycan hakimliyi Babək Quliyev kimi hakimi itirdi. Mən ölkə xaricində demirəm, amma ən azından ölkə daxilində yeniyetmə hakimlərin öyrənə biləcəyi bir müəllimi itirdi. Yəni o, çox gözəl hakim idi. Bizdə indi gənc hakimlər var, deyir Babək Quliyevin oyun idarə etməsinə baxıb, onda hakimliyə maraq yaranıb. Anar Niyazovun, Fariz Yusifovun, Vüsal Əlyevin də adlarını çəkənlər var, eləcə də Babəkin. Bu yaxınlarda xaricdə yaşayan azərbaycanlı qonağımızla bir oyun izləyirdik. Sizi inandırım ki, çempionatda oynayan legioner futbolçuları səndən və məndən çox o tanıyırdı. Həsəd apardım. O da Babək Quliyev haqda xoş sözlər dedi. Xarici karyerasını deyə bilmərəm. Çünki daha da irəli gedə bilərdi. İmkanı vardı, ingilis dilini də bilirdi. Yaxşı oyunlar idarə edib, əla qiymətlər alıb. Mümkün idi ki, heç nə olmasın. Allahın işin bilmək olmaz.

- Sizcə oyundan sonra klub rəsmiləriylə danışan təkcə Babək Quliyevdir?

- Niyə belə deyirsiz?

- Axı Babəkin hakimlikdən getməsinə başqa səbəb göstərə bilmirsiz...

- Harada yazılıb ki, Babək məhz buna görə hakimlikdən uzaqlaşdırılıb?

- İctimaiyyətə belə açıqlanmışdı.

- Kim demişdi?

- Siz.

- Axı mən elə söz deməmişəm.

- Başqa nə səbəb var ki?

- Hamısını yazacaqsan?

- Əlbəttə!

- Mən elə açıqlama verməmişəm. Heç vaxt deməmişəm ki, Babək Quliyev oyundan sonra klub rəsmisiylə danışdığı üçün hakimlikdən uzaqlaşdırılıb. Niyə göndərilib, nə vaxt qaytarılacaq, mənə dəxli yoxdur. Bunu edən adamlar var, gedin onlardan soruşun. Məndən olsa, Babək Quliyev bu gün hakimliyə qayıdar.

- Oğlunuz Elvin Musazadənin "Qarabağ"a keçidi də birmənalı qarşılanmadı.

- Səmimiyyətimə inanırsız?

- Yəqin ki.

- "Xəzər Lənkəran" - "Rəvan" oyunundan sonra Elvin evə gəlib futboldan uzaqlaşdığını dedi. Mənim işçilərimdən də soruşa bilərsiz, bu xəbəri eşidəndə sevincimin həddi- hüdudu yox idi. Qış fasiləsi zamanı ailədə planlaşdırırdıq ki, yeni ildən sonra xaricə bir yerə gedək. Elvin dedi ki, onun pasportun heç yerə verməyək, o getmir. Dedim niyə? Cavab verdi ki, gedir Türkiyəyə. Soruşdum xeyirdimi? Dedi Qurban müəllimlə danışıb, "Qarabağ"la Türkiyəyə təlim-məşq toplanışına gedir. Ata-oğul aramızda mübahisə oldu, hardasa məni başa düşdü, amma dedi ki, Qurban Qurbanova söz verib, getməlidir. And olsun bizi yaradana, söhbət bax belə olub.

- Dediz ki, oğlunuz futboldan gedəndə sevinirdiz. Futbola bu qədər nifrət edirsiz?

- Xeyr, futbola nifrət etmirəm, dedi-qodudan zəhləm gedir. Futbolla məşğul olanların 99 faizi kişi xeylağıdır, amma əfsuslar olsun ki, 70 faizi arvad kimi söz gəzdirir.

- Mənim suallarım bu qədər, ürəyinizdən keçən başqa nə varsa, danışa bilərsiz...

- İndi söz-söhbətlər gəzir ki, milli komanda niyə tez- tez toplanışlar keçirir. Milli komandanın döşündə kimin gerbi, bayrağı var? Azərbaycanındı, qurtardı getdi də. İndi baş məşqçinin ixtiyarı yoxdur ki, ölkə - milli naminə futbolçunu toplanışa bir-iki gün qabaq dəvət etsin? Bunu o qədər şişirdirlər ki.

- Demişdim sonuncu sualımdır, amma Foqts həmişə sizdən narazıdır...

- Onun ürəyində Almaniya bayrağı var, mənimkində Azərbaycan. Buna görə də, hamımız milli naminə güzəştə getməliyik. İndi millinin səfərdə Lüksenburq və doğma meydanda Portuqaliya ilə oyunu var. Hamımız milliyə dəstək olmalıyıq. Həmişə də danışanda birlikdən danışırıq, amma əmələ qalanda ortada he çnə yoxdur. AFFA- nın qəşəng devizi var: Biz birlikdə güclüyük.

"Het-trik news" qəzeti

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com