3 qızıl və 2 bürünc medal qazandıq

3 qızıl və 2 bürünc medal qazandıq

Bolqarıstanın Plovdiv şəhərində güləş üzrə Dan Kolov və Nikola Petrovun xatirəsinə keçirilən 51-ci beynəlxalq turnir başa çatıb. Siasport.az saytının məlumatına görə, yalnız qadın güləşçilərimizin iştirak etdiyi turnirdə komandamız ümumilikdə 3 qızıl, 2 bürünc medal qazanıb.
51 kq-dakı təmsilçilərimizdən Patimat Baqomedova keçirdiyi bütün görüşləri qələbə ilə başa vurub və turnirin baş mükafatını qazanıb. O, ardıcıl olaraq bolqar, rumın və türkiyəli güləşçiləri məğlub edib.
55 kq çəki dərəcəsində Yarina Dubovska ilk görüşdə yerli bolqar güləşçi üzərində qələbə qazanıb. Daha sonra Rumıniya və Moldova güləşçiləri ilə qarşılaşmadan da qalib ayrılan təmsilçimiz turnirin qızıl medalına sahib olub.
59 kq çəkidə mübarizə aparan İrina Netreba ardıcıl olaraq belarus, rus və finalda bolqar güləşçi ilə görüşdən qalib ayrılıb və turnirin qızıl medalını qazanıb. Bu çəkidə digər təmsilçimiz Alyona Kolesnik isə bürünc medala sahib olub. Daha bir bürünc medalı 63 kq-da Anna Belyayeva yığmamıza qazandırıb.
67 kq-da təmsilçimiz Natalya Palamarçuk və 72 kq-da mübarizə aparan Səbirə Əliyeva bürünc medal görüşündə məğlub olub və 5-ci yerlə kifayətləniblər.
Beləliklə, baş məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında Dan Kolov və Nikola Petrovun xatirəsinə keçirilən 51-ci beynəlxalq turnirdə iştirak edən yığmamız 3 qızıl və 2 bürünc medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə