Ramin Musayev: "Özlərində məsuliyyət tapıb köhnə borcları ödəməlidirlər"
"Klublara həmişə güzəşt olunur. Ad çəkməyə ehtiyac yoxdur. Amma keçən ildən qalan borclarını belə ödəməyiblər. Bu həm cərimələr, həm legioner sifarişinə görə ödənilməli olan üzvlük haqqı, həm də digər borclara aiddir". Siasport.az saytının məlumatına görə, bu sözləri Fanat.az-a açıqlamasında PFL prezidenti Ramin Musayev deyib.
Qurum rəhbəri qışda transfer olunan legionerlərin sifarişi üçün rüsumların hələ ödənmədiyini bildirib: "Bu qış transfer olunan yeni əcnəbilərlə bağlı da vəziyyət eynidir. Hələ rüsumları ödəməyiblər. Biz heç kimi sıxma-boğmaya salmırıq. Söylədiyim kimi, güzəşt həmişə var. Yəni real durumu nəzərə alırıq. Ancaq heç olmasa, özlərində məsuliyyət tapıb köhnə borcları ödəməlidirlər".
Qeyd edək ki, Premyer Liqaya hər əcnəbi üçün futbol qurumuna 20 min manat rüsum ödənilməlidir. Həmin legioner ikinci mövsüm çempionatda qalsa, bu məbləğ 10, üçüncü "futbol ili"ndə Azərbaycanda top qovmağa davam etsə, 5 min manata düşür. Öz ölkəsinin millisində çıxış edən gəlmələrə görə ölkə təmsilçiləri artıq pul xərcləmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB