Antalyada qış təlim-məşq toplanışını başa vuran "Simurq" qardaş ölkədə son yoxlama görüşünə çıxıb. Siasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisinin sparrinq rəqibi Rumıniyanın "Petrolul" kollektivi olub. Bakı vaxtı ilə saat 17:00-da start götürən matçda "Simurq" növbəti dəfə məğlub olub.
İlk hissənin əvvəli hər iki komandanın mərkəzi ələ keçirmək uğrunda mübarizəsi ilə başlayıb. Ancaq qarşılaşmada ilk təhlükəli vəziyyəti "Petrolul" yaradıb. Matçın 29-cu dəqiqəsində Laurentiu Marinesku komandasını hesabda önə çıxardıb. Bu qoldan sonra sanki yuxudan ayılmış "Simurq" irəli atılıb və hesabı bərabərləşdirmək üçün ardıcıl hücumlar təşkil edib. Bunun məntiqli nəticəsi kimi 39-cu dəqiqədə Mario Bojiç gözəl zərbə ilə oyunda status-kvonu bərpa edib. Fasiləyə komandalar bu hesabla yollanıb.
İkinci hissə isə demək olar ki, meydanın mərkəzində keçib. Ara-sıra hər iki komanda uzun ötürmələrlə hücumçuları qapıçılarla təkbətəkə çıxarmaq istəsələr də bu niyyətləri baş tutmayıb. 79-cu dəqiqədə "Simurq"un qapısı qarşısında qarmaqarışıqlıq yaranıb. Bu zaman top cərimə meydançasında futbolçulardan birinin əlinə dəydiyindən qarşılaşmanın türkiyəli referisi 11 metrlik cərimə nöqtəsini göstərib. Marian Kristesku bu şansı əldən verməyib və rumınlar yenidən hesabda önə keçiblər.
Bundan sonra Zaqatala təmsilçisi yenidən bərabərlik qolunu vurmaq üçün çəhdlər etsə də, bütün istəkləri boşa çıxıb. Nəticədə "Simurq" Antalyada keçirdiyi beşinci yoxlama görüşündə 2:1 hesabı ilə məğlub olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB