"Simurq"un düşərgəsində yeni futbolçu

"Simurq"un düşərgəsində yeni futbolçu

Antalyada təlim-məşq toplanışında olan "Simurq" artıq hazırlıqları tamamlamaq üzrədir. Siasport.az saytının məlumatına görə, komanda dünən Bələkdə son məşqlərinə çıxıb. İki saata yaxın davam edən səhər hazırlığında uzun məsafəli qaçış və isinmə hərəkətlərindən sonra, "sarı-qaralar" fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında tapşırıqları yerinə yetiriblər.

Daha sonra taktiki çalışmalar üzərində işlənilib. Müxtəlif məsafələrdən qapıya zərbələr vurulub. Məşqin sonunda isə 4 qrupa bölünən Georgi Çixradzenin yetirmələri iki tərəfli futbol oynayıb.

Axşam məşqində Zaqatala təmsilçisi isinmə hərəkətlərindən sonra iki komandaya bölünərək əl topu oynayıb. Bundan sonra müxtəlif qruplara bölünərək "kvadrat" və standart vəziyyətlərdən qapıya zərbələr məşq edilib.

"Sarı-qaralar"ın düşərgəsində hazırda baxışda iki futbolçu var. Şəxsi işləri ilə bağlı ölkəsinə gedib, qayıdan xorvatiyalı hücumçu Tomislav Buşiç yenidən komanda ilə məşqlərə qoşulub. Onunla yanaşı, axşam hazırlığında "Simurq"un düşərgəsinə baxış üçün yeni bir legioner gəlib. Bu, bosniyalı yarımmüdafiəçi Kiso Nenaddır. Onlar haqqında son qərar bugünkü yoldaşlıq görüşündən sonra veriləcək.

Qeyd edək ki, komandanın Antalyadakı son yoxlama matçı Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Rəqib Rumıniyanın "Petrolul" kollektivi olacaq. Hazırda milli komandanın düşərgəsində olan kapitan Rasim Ramaldanov və İlkin Qırtımov bu görüşdə forma geyinə bilməyəcək. Oyundan sonra "Simurq" qış təlim-məşq toplanışını başa vuraraq, gecə saatlarında ölkəmizə yola düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə