Əlvida, kapitan!

"Kəpəz"in təcrübəli üzvü, kapitan Azər Məmmədov futbolçu karyerasını başa vurub. Siasport.az saytının məlumatına görə, müdafiəçi 36 yaşında butslarını asılqana birdəfəlik asmaq qərarına gəlib. Gəncə futbol məktəbinin yetişdirdiyi ən güclü oyunçulardan biri olan A.Məmmədov son 4 ildə komandada kapitan sarğısını daşıyıb. O, karyerası boyunca "Kəpəz" ilə yanaşı, "Xəzri", "MOİK", "Şəmkir", "Turan", "Qarabağ" və "Qəbələ" kimi klubların da şərəfini qoruyub, bu komandalarda bir sıra uğurlar qazanıb. Futbolçu 4 qat Azərbaycan çempionu və 5 qat ölkə kubokunun qalibi olub. Həmçinin o, çempionatın gümüş və bürünc medallarını qazanıb. Azər "Kəpəz"də üst-üstdə 388 oyunda forma geyinərək, rəqib qapılarından 18 qol keçirib.

A.Məmmədov karyerasını bitirsə də, futboldan, doğma klubundan ayrı düşməyib. "Kəpəz" Peşəkar Futbol Klubunun rəhbərliyi komanda üçün xidmətlərini nəzərə alaraq, sabiq futbolçuya məşqçi işləməyi təklif edib. Dəvəti müsbət cavablayan kapitan, əvəzedici heyətdə baş məşqçinin köməkçisi təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə