Əsgər Abdullayev: "Şübhə çox pis şeydi" MÜSAHİBƏ

Əsgər Abdullayev: "Şübhə çox pis şeydi" MÜSAHİBƏ

Siasport.az saytı Əsgər Abdullayevin Sportal.az saytına müsahibəsini təqdim edir:

- "Turan"dan ayrıldıqdan sonra sizə başqa klublardan təklif gəlib?

- Yox, təklif olmayıb. Hələ sakitçilikdi.

- Klubların, "Turan"ın hazırlıq prosesini izləyirsiz?

- Elə də çox maraqlanmıram. Amma hərdən baxıram.

- "Turan"dakı son hadisələrdən yəqin ki, xəbəriniz var. Futbolçuların qovulması, oyun alqı-satqısı...

- Eşitmişəm. Kimi qovublar, kim qaçıb. Sözün açığı, belə dərinliklərə girmirəm. Kimlərləsə danışanda, zəngləşəndə belə söhbət eşitmişəm.

- Buna münasibətiniz?

- Mən o işin içində deyiləm. Neçə aydı o komandada deyiləm. Klubda nə olub bilmirəm. Mən bu barədə danışa bilmərəm. İnsan bildiyini danışar, bilmədiyini necə danışsın.

- Siz çalışdığınız vaxtlarda da "Turan"da belə söz-söhbətlər gəzirdi. Həmin vaxt sizin şübhələndiyiniz futbolçular olmuşdu?

- Kimdənsə şübhələnirsənsə, əlində əsas olmalıdı. Ümumiyyətlə şübhə çox pis şeydi. Nəyisə dəqiq bilirsənsə, onun çarəsi var. Bir də var şübhələnəsən. O ki, qaldı futbolçulara, belə deyim də mən heç vaxt oyunçunun ünvanına belə sözlər demərəm, əlimdə dəlil yoxdursa. Futbol elə bir şeydi ki, belə şayiələr tez-tez çıxır. Dəlil yoxdursa, bunu demək düzgün deyil. Dəlil varsa, o, oyunçu komandadan yox, futboldan getməlidi. Şübhə ilə yaşamaq komandanın oyununa da xələl gətirə bilər.

- "Turan"ın cari mövsümdəki aqibətini necə görürsüz?

- O vaxt da mən deyirdim ki, "Turan" çox yaxşı komanda kimi formalaşır. Bir çox klublara da başağrısı olacaq. Çünki "Turan" istənilən səviyyədə oynaya bilər. Mənim vaxtımda da təlim-məşq, yoldaşlıq oyunları keçirə bilmədik. Orda istər-istəməz əsas heyəti müəyyənləşdirməyə çalışdıq. Biz o vaxt "Göyəzən"lə oynayanda mən təzə getdim "Turan" komandasında oynayan futbolçuların hamısı yoxlamaya gələnlər idi. Onların böyük gələcəyini olduğunu mən görürdüm və həmişə də bunu deyirdim. İndi nə vəziyyətdədi. Bu barədə deyə bilmərəm. Sırf izləmirəm, kimlərləsə də əlaqəm olmur, danışmıram. Ona görə də o barədə heç bir şey deyə bilmərəm.

- Komandadan bu qədər futbolçu göndərildi. Bu komandanın yaradılmasında sizin də əməyiniz böyükdü. Sizcə, bu, "Turan"ın oyununa necə təsir edəcək?

- Mən deyə bilmərəm kimi göndəriblər. Sözün açığı, təzə eşitdim ki, bir çox futbolçular gedib. Mən bu barədə fikir söyləməyə çətinlik çəkirəm. Əlbəttə, "Turan"ın formalaşmasında mənim də əməyim var. Mən də istəmərəm ki, o komanda belə aqibət yaşasın. Amma hər halda tam dəqiq məlumatım olmadığı üçün fikir söyləməyi xoşlamıram.

Bütün xəbərlər Facebook səhifəmizdə