Tofiq Mustafayev: "Bu fakt bizim oyunçulara müəyyən təzyiq göstərirdi"
"İnter"in əvəzedici heyəti Bakı toplanışı çərçivəsində növbəti yoxlama matçını keçirib. Siasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi "Kəpəz"lə gücünü sınayıb. Premyer Liqa təmsilçisi ilə oyun 2:2 hesabı ilə başa çatıb. "İnter"in əvəzedici komandasının baş məşqçisi Tofiq Mustafayev oyun barədə fikirlərini bildirib: "Oyun kifayət qədər maraqlı alındı. Biz bir neçə əsas futbolçularsız oynadıq, buna baxmayaraq komanda yaxşı futbol nümayiş etdirdi. Biz rəqibə məğlub olmadıq, hətta bir çox komponentlərdə onları üstələdik. "Kəpəz" daha təcrübəli və yaşca böyük futbolçulara malikdir və bu fakt bizim oyunçulara müəyyən təzyiq göstərirdi. Buna baxmayaraq, onlar tapşırığın öhdəsindən gəldilər.
Biz iki yaxşı təşkil olunmuş hücum nəticəsində iki qol vurduq. Reallaşdıra bilmədiyimiz bir neçə anlarımız da oldu. Funksional planda komanda xoşuma gəldi, ancaq bizə hələ çalışmaq lazımdır. Topla davranmaq və texnika üzərində çalışmaları yaxşılaşdırmaq lazımdır.
Ümumilikdə, bugünkü oyununun nəticəsindən razıyam. Düşünürəm ki, komanda mövsümün ikinci hissəsində daha yaxşı vəziyyətdə olacaq və mübarizə aparmaq qabiliyyəti artacaq".
Xatırladaq ki, "İnter"in əvəzedici heyətinin toplanışı fevralın 2-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB