Havaların isti keçməsi buzadırmananların planını dəyişdirdi

Havaların isti keçməsi buzadırmananların planını dəyişdirdi

26-27 yanvar 2013-cü il tarixlərində Qusar rayonunun Ləzə kəndi ərazisindəki donmuş şəlalələrdə keçirilməsi nəzərdə tutulan Buzadırmanma üzrə Açıq Respublika Çempionatının final mərhələsinin vaxtı Respublika ərazisində mülayim hava şəraiti ilə əlaqədar dəyişdirilib. Siasport.az saytının məlumatına görə, bu barədə qərar Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilat komitəsinin 23 yanvar tarixində keçirilən növbədənkənar iclasında verilib. Buna səbəb yüksək dağlıq yerlərdə, o cümlədən yarışların keçiriləcəyi Qusar rayonunun Ləzə ərazisində qar-buz təbəqəsinin əriməsi, onların dayanıqlığının azalması olub. Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun verdiyi məlumata görə 25-27 yanvar tarixlərində Qusar rayonunun Ləzə kəndində havanın temperaturunun orta hesabla müsbət 3-5 dərəcəyədək yüksələcəyi gözlənilir.

FAİREX-in təşkilat komitəsinin yığıncağında aparılan müzakirələr zamanı çempionatın keçiriləcəyi Ləzə ərazisindəki donmuş şəlalələrin gözlənilən əriməsi prosesinin başlamasının labüdlüyü nəzərə alınaraq yarışların FAİREX-in "ClimBaku" dırmanma mərkəzinin süni divarlarında təşkil olunması barədə təkliflər irəli sürülüb. Lakin sinoptiklərdən növbəti həftənin sonunda havaların soyuyacağı və yarışın keçirilməsi üçün əlverişli şaxtalı hava şəraitinin müşahidə olunacağı barədə alınan məlumata əsasən Buzadırmanma üzrə Açıq Respublika Çempionatının final mərhələsinin 2-3 fevral tarixlərində əvvəlki ərazidə, Qusarın Ləzə kəndindəki donmuş şəlalələrdə keçirilməsi qərara alınıb.

Xatırladaq ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi Buzadırmanma üzrə Açıq Respublika Çempionatının I mərhələsi 18-19 yanvar 2013-cü il tarixlərində Qusar rayonunun Ləzə kəndi ərazisindəki donmuş şəlalələrdə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə