Alpinistimiz buzadırmanma üzrə Dünya Kubokunda yıxıldı

Alpinistimiz buzadırmanma üzrə Dünya Kubokunda yıxıldı

İsveçrənin kiçik kurort şəhəri sayılan Saas-Feedə buzadırmanma üzrə Dünya Kubokunun 2-ci mərhələsi keçirilib. Siasport.az saytının məlumatına görə, Azərbaycan Alpinizm Federasiyasının yığma komandasının üzvləri (Leyla Əliyeva, Əli Abdullayev, Mövsüm Şirəliyev) bura birbaşa Koreyadan gəliblər. Avropada keçirilən yarışlara isə digər alpinistimiz Rauf Zeynalov qatılıb.

Yarışlar kişilər arasında "çətinlik" növü üzrə başlayıb. 43 idmançıdan 18-i növbəti mərhələyə vəsiqə qazanıb. Təəssüf ki, növbəti mərhələyə keçmək üçün Əli Abdullayevə 0,36 san vaxt çatmayıb.

2-ci mərhələdə "sürət" növü üzrə qalib Dennis van Xoek olub. Bu növ üzrə kişilər arasında nəticələr aşağıdakı kimidir:

1. Dennis van Xoek (Hollandiya)

2. Aleksey Vaqin (Rusiya)

3. Kirill Kolçeqoşev (Rusiya)

"Sürət" növü üzrə Əli Abdullayev 21-ci, Mövsüm Şirəliyev 33-cü, Rauf Zeynalov isə 43-cü yerdə qərarlaşıblar.

Qadınlar arasında buzadırmanmanın "sürət" növü üzrə 7 ölkədən 17 idmançı iştirak edib. İlk 9 yeri Rusiya milli yığmasının idmançıları tutublar.

Nəticələr:

1. Mariya Krasavina (Rusiya)

2. Mariya Tolokonina (Rusiya)

3. Yuliya Oleynikova (Rusiya)

İdmançımız Leyla Əliyeva İsveçrə və Yaponiyadan olan rəqiblərinə qalib gəlib və 15-ci yerə layiq görülüb.

Kişilər arasında "sürət" növü üzrə ixtisaslaşdırma yarışları paralel olaraq 2 istiqamət üzrə keçirilib. İxtisaslarda 20 ölkənin 76 idmançısı iştirak edib. Yarışların final hissəsində 2012-ci ilin absolyut çempionu rusiyalı Maksim Tomilov olub.

Kişilər arasında "sürət" növü üzrə nəticələr:

1. Maksim Tomilov (Rusiya)

2. Park Xi Yonq (Koreya)

3. Valentin Sipavin (Ukrayna)

Püşkatma nəticəsində Azərbaycan Alpinizm Federasiyasının idmançılarına "B" istiqaməti verilib. Rauf Zeynalov sona kimi mübarizə aparmasına baxmayaraq, marşrutun əvvəlindəki buz blokun öhdəsindən gələ bilməyib. Əli Abdullayev yaxşı start götürməsinə baxmayaraq, tələsib və buzadırmanma alətindən yetərincə düzgün istəfadə etmədiyi üçün marşrutdan yıxılıb. Mövsüm Şirəliyev digər idmançılarımızlardan bir az hündürə dırmana bilib.

"Çətinlik" növü üzrə idmançılarımız aşağıdakı yerləri tutublar:

Mövsüm Şirəliyev 48

Əli Abdullayev 68

Rauf Zeynalov 72

Qadınlar arasında "çətinlik" növü üzrə final mərhələsini Mariya Tolokonina və Anqelina Rayner eyni nəticə ilə başa vurublar. Öncəki hissələrin nəticələrinə əsasən, qalib Mariya Tolokonina seçilib.

Qadınlar arasında "çətinlik" növü üzrə nəticələr:

1. Mariya Tolokonina (Rusiya)

2. Anqelina Rayner (İtaliya)

3. Lyusi Xrozova (Çexiya)

İdmaçımız Leyla Əliyeva 26-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, hazırda komandamız İtaliyada məşqlərdə iştirak edirlər.

Onu da nəzərinizə çatdıraq ki, 26-27 yanvar tarixlərində İtaliyanın Rabenştayn şəhərində Dünya Kubokunun 3-cü mərhələsi keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə